CƏMİYYƏT
Nəsimi rayonunda qanunsuz fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkar olunub
Bakı, 2 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Nəsimi rayonunda Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ-hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub. Eyni zamanda, müəssisədə çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi və restoranda istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.