CƏMİYYƏT
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 21 aprel, AZƏRTAC
Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib. Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.
Qeyd olunan hər iki faktla bağlı saxlanılan şəxslər barəsində 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Q.Rzayev və İ.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq olaraq quldurluq və oğurluq maddələri cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.