CƏMİYYƏT
Nəsimi rayonundakı 46 nömrəli məktəbdə “Sağlam məktəbli” layihəsi keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə Bakının Nəsimi rayonundakı 46 nömrəli orta məktəbdə olublar.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı Şəhəri İdarəsi və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.
Tədbirdə əvvəlcə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Mən qidayam”, “Artıq şəkərin ziyanları” videoçarxları təqdim olunub, bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətindən danışılıb.
Sonra “Qida təhlükəsizliyində fiziki, kimyəvi və bakterioloji çirklənmə” mövzusunda olan təqdimat şagirdlərə nümayiş etdirilib. Görüşdə “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Qida zəhərlənmələri” və “Sudan düzgün istifadə” mövzularında fikir mübadiləsi aparılıb.
Agentliyin mütəxəssisləri məktəbliləri maraqlandıran sualları cavablandırılıb və sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.