İQTİSADİYYAT


Nəsimi rayonunun Ceyhun Səlimov küçəsi əsaslı şəkildə təmir edilir

Bakı, 28 sentyabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrini əhatə edən təmir-tikinti işləri davam etdirilir. Bu çərçivədə Nəsimi rayonu ərazisində ümumi uzunluğu 6,5 kilometr olan 12 küçənin təmiri işləri aparılır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq rayon ərazisində təmiri nəzərdə tutulan Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində yenidənqurma işləri sonuncu mərhələdədir.

Məlumata əsasən, cari ilin iyul ayında start verilən yenidənqurma işlərinə uyğun olaraq, küçədə yeraltı kommunikasiya xətlərinin – işıq, qaz və su xətlərinin aidiyyəti qurumlar tərəfindən yenilənməsinə başlanılıb. Kommunikasiya xətlərinin yenilənməsi işləri sentyabr ayının 10-da tam olaraq yekunlaşdırılıb və agentlik tərəfindən küçədə genişmiqyaslı təmir-tikinti işlərinə start verilib. Qısa müddət ərzində küçə boyunca zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib. Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.

Asfaltlanma işləri ərazidə intensiv hərəkət və tədris ilinin başlanılması ilə əlaqədar olaraq gecə saatlarında aparılır. Ümumilikdə, 16 min 820 kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulur.

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub və genişləndirilib, ehtiyac olan hissələrdə isə yeni piyada səkiləri və xüsusi parkinq yerləri yaradılıb. Bununla da, küçənin sözügedən hissəsində səkilərin sahəsi 2200 kvadratmetrdən 3870 kvadratmetrədək artırılıb, küçəyə 3 min poqonometrədək yeni səki daşları düzülüb.

Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində yenidənqurma işləri zamanı mövcud yolayrıcıları da tam olaraq yenidən inşa edilib.

Layihəyə uyğun olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeni yağış barmaqlıqları və yeraltı kommunikasiya xətlərinə baxış qapaqları qoyulur.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılaraq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yaxın müddət ərzində müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd olunub ki, cari il ərzində rayon ərazisində 10 küçənin təmiri yekunlaşıb. Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsində təmir işləri bitəndən sonra Alı Mustafayev küçəsində təmir işlərinə başlanılacaq.

Dövlətimizin başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu ərazisində uzunluğu 10 kilometrdən çox küçə təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.