REGİONLAR


Nəsimi yaradıcılığı Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsində mühüm rol oynayıb

Sumqayıt, 5 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar universitetin Heydər Əliyev Mərkəzində fotoşəkillər və kitab sərgisi ilə tanış olublar. Məhəbbət Vəliyeva xatirə kitabına ürək sözlərini yazıb.

Sonra nazir müavini universitetin ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, tədris otaqlarında, kompüter və informasiya, PETRA layihəsi çərçivəsində Təlim və Öyrənmə mərkəzlərində olub, təhsil müəssisəsinin maddi-texniki bazası və tədrisin keyfiyyəti ilə maraqlanıb. Universitetin müəllim-tələbə kollektivi ilə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları, həmçinin universitetin foyesində “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda təşkil edilən sərgi ilə də tanış olublar.

Akt zalında keçirilən tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, “Nəsimi” filminin çəkildiyini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini diqqətə çatdırıb.

İmadəddin Nəsiminin yaradıcılığına nəzər salan Məhəbbət Vəliyeva görkəmli ədibin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu qeyd edərək, onun daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu bildirib. Vurğulanıb ki, İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var.

BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev çıxışında mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin yaradıcılığının milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə “Nəsimi poeziyasının hürufi simvolikası”, “Şeirin üsyan səsi: Nəsimi və çağdaş poeziya” mövzularında məruzələr dinlənilib.

Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda rəsm müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatlandırılıb.

Tədbir Filologiya fakültəsinin tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.