ELM VƏ TƏHSİL


Nəsimi yaradıcılığı məktəblilərin təqdimatında YENİLƏNİB VİDEO

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Bakı şəhəri 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev mütəfəkkir şair Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

O bildirib ki, tədbirin təşkilində rəhbəri olduğu məktəbin şagirdləri yaxından iştirak ediblər.

“Sevindirici haldır ki, ədiblərimizin təbliği istiqamətində aparılan işlər şagirdlər tərəfindən maraqla qarşılanır. İnanıram ki, Prezidentimizin Sərəncamı çərçivəsində keçirdiyimiz tədbir, uşaqların mənəvi dünyasının zənginləşməsinə, onlarda Nəsimi yaradıcılığına olan marağın artmasına öz töhfəsini verəcək”, - deyə Tural Mirzəliyev qeyd edib.

BŞTİ-nin müdiri Rəşad Tağıyev Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

R.Tağıyev böyük söz ustadının 600 illik yubileyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunduğunu və həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldığını bildirib.

İdarə müdiri xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının müxtəlif ideyalarla zəngin bədii irsinin özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərdiyini qeyd edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq artistləri Rasim Balayev, Azərpaşa Nemətov çıxışlarında Nəsiminin təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Mərasimdə şagirdlərin ifasında İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, ziyalılar, müəllimlər, məktəblilər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.