ELM VƏ TƏHSİL
Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhz bu Sərəncamın işığında həm respublikamızda, həm də xaricdə şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Ölkəmizdə mədəniyyət və incəsənətə göstərilən dövlət qayğısından danışan icra başçısı Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ənənəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, Ümummilli Liderin əsasını qoyduğu mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb. Ədibin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını, azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini diqqətə çatdırıb.
İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Nəsimi yaradıcılığı ilə bağlı nəşrlərini Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.
Sonra Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Nəsimi mövzusu”, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin həyatı və mühiti”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyası” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə ilə davam edib.