ELM VƏ TƏHSİL
Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinə yekun vurulub
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” ali məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı ADMİU-da keçirilməsi nəzərdə tutulmuş silsilə tədbirlərin tərkib hissəsi olan ali məktəblərarası bədii qiraət müsabiqəsi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği məqsədini qarşıya qoyub.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və qala konsert keçiriləcək. I, II, III yerlərin sahiblərinə diplom və pul mükafatı veriləcək.
Qala konsertdə Məryəm Babayeva, Xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanov, eləcə də müsabiqənin laureatları çıxış edəcəklər.