ELM VƏ TƏHSİL
Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin birinci turu yekunlaşıb
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsinin birinci mərhələsi yekunlaşıb.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı universitetdə tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, nəzərdə tutulan silsilə tədbirlərin tərkib hissəsi olan ali məktəblərarası bədii qiraət müsabiqəsi Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanması, milli mədəni-mənəvi dəyərlərin təbliği məqsədi daşıyır.
Müsabiqədə ADMİU-nun məzunları və tələbələri digər ali məktəblərin tələbələri ilə müxtəlif nominasiyalar üzrə yarışıblar. Seçim mərhələsində ADMİU-dan 23 nəfərdən 10-u birinci turu uğurla başa vuraraq, növbəti mərhələyə vəsiqə qazanıb. Digər 15 ali məktəbdən isə müsabiqədə 71 tələbə çıxış edib. Birinci turun nəticələrinə əsasən, 8 ali məktəbdən 26 tələbə ikinci turda iştirak etmək şansı əldə edib.
Müsabiqənin ikinci mərhələsi aprelin 11-də və 12-də keçiriləcək. Qaliblər seçilmiş şeirin məzmununa uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta riayət olunması kimi meyarlara əsasən müəyyənləşdiriləcək. Müsabiqənin yekununda – aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və qala konsert keçiriləcək, I, II, III yerlərin sahiblərinə diplom və pul mükafatları veriləcək.