MƏDƏNİYYƏT
Nəsiminin Ankarada keçirilən yubiley tədbirləri böyük maraqla qarşılanıb VİDEO
Ankara, 11 dekabr, AZƏRTAC
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Ankarada geniş tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ankaranın Keçiörən rayon bələdiyyəsinin birgə təşkil etdiyi tədbirdə rəsmi şəxslər, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən soydaşlarımız, o cümlədən nəsimisevərlər iştirak ediblər.
İki hissəli tədbir “Məndə sığar iki cahan” mövzusunda konfrans və “Nəsimi” tamaşasının təqdimatından ibarət olub.
Əvvəlcə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova və Ankara şəhər Keçiörən rayon bələdiyyəsinin sədr müavini Merih Karayolun çıxışları olub.
Çıxışlarda Nəsiminin yaradıcılıq üslubu, Azərbaycanda böyük şairin göstərilən el məhəbbəti, adının əbədiləşdirilməsi üçün görülən işlərdən, həmçinin Türkiyədə Nəsimi şəxsiyyətinə olan əbədi məhəbbətdən danışılıb.
Sonra Hacı Bayram Vəli Universitetinin professoru Əhmət Taşğın İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan “Məndə sığar iki cahan” mövzusunda məruzə edib. Nəsiminin yaradıcılığını ayrı-ayrı istiqamətlərdən təhlil edən tədqiqatçı əminliklə bildirib ki, böyük şairin nadir üslubda yazdığı şeirlər əbədiyyətə qədər poeziyasevərlər tərəfindən məhəbbətlə qarşılanacaq, filosofların maraq dairəsində qalacaqdır.
Tədbirin ikinci hissəsində Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “UNEC Yaradıcılıq Mərkəzinin” nəzdindəki eyniadlı tələbə teatrının səhnələşdirdiyi “Nəsimi” tamaşası oynanılıb. Hərarətli tamaşaçı alqışları ilə qarşılanan yaradıcı heyət səhnə əsərini çox böyük ustalıqla təqdim edib.
Tamaşadan sonra Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok azərbaycanlı tələbələrin yaradıcılıq işini yüksək dəyərləndirib. Səhnədə yaradıcı tələbə kollektivi qarşısında çıxış edən bələdiyyə sədri ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət!” ifadəsini xatırladaraq bildirib ki, Azərbaycan və Türkiyə gənclərinin uğurları ortaq milli sərvətimizdir.
Sonda “Nəsimi” tamaşasının yaradıcı heyətinə Azərbaycanın Ankaradakı səfirliyi adından təşəkkürnamə təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara