REGİONLAR
Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir
Zaqatala, 19 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şairlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin ilk yaradıcılarından olan Nəsimi söz sənətini forma və məzmunca daha da zənginləşdirib, özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyub gedib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə oktyabrın 19-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktik konfransda səsləndirilib.
AMEA Şəki Regional Elmi Mərkəzi, Zaqatala Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə keçirilən konfransı Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, mütəfəkkir şairin yubileyi münasibətilə Elmi Mərkəz tərəfindən silsilə tədbirlər keçirilir.
Dahi şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə məlumat verən direktor bildirib ki, lirik şair olan Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Yaradıcılığa aşiqanə şeirlərlə başlayan Nəsimi sonralar siyasi, ictimai, əxlaqi mövzularda əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. O, həyat və cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə və ya təbiət təsvirləri içərisində söyləyib. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Şairin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsiminin üç dildə yazdığı şeirlər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb.
Elmi-praktik konfrans sonra plenar məruzələrlə davam etdirilib.
Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının humanitar fənlər kafedrasının müdiri Vüsal Baxışov “Nəsimi dövrünün tarixi-siyasi aspektdən özəllikləri”, Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi Kamil Adışirinov “Nəsimi Azərbaycan elmi və bədii ədəbiyyatında”, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan “Nəsimi yaradıcılığında sufi rəmzləri”, Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova “Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın tərkib hissəsidir” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin Elmi Mərkəzin və universitet filialının əməkdaşlarından Həşim İsmayılov, Həbibulla Manaflı, Habil Xəlilov və Pakizə Zakirovanın təqdimatlarında “Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda”, “Hürufilikdə Həllac Mənsur və Nəsiminin yolu: eyniliklər və fərqliliklər”, “Təsəvvüf və irfan”, “Orta əsrlər Azərbaycan ədəbiyyatında sufizm və hürufizm” mövzularında məruzələr dinlənilib.