MƏDƏNİYYƏT
Nəsiminin poeziyası dostluq və məhəbbət simvoludur
Daşkənd, 29 noyabr, AZƏRTAC
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti ilə birgə “Nəsiminin poeziyası dostluq və məhəbbət simvoludur” adlı konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanın elm və mədəniyyət xadimləri, şair və yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Konfrans iştirakçıları əvvəl böyük Azərbaycan şairi Nizami Gəncəvinin universitetin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.
Universitetin rektoru, professor, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov konfrans iştirakçılarını salamlayıb, Nəsiminin ölməz poeziyasından danışıb. Rektor Özbəkistanda Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin əsərlərinin çox sevildiyini bildirib. O deyib ki, ölkəmizdə Azərbaycan ədəbiyyatına böyük maraq var.
Nəsiminin ölməz poeziyasından danışıb RAMMM-ın sədri Firdovsi Hüseynov şairin Azərbaycan və türkdilli dövlətlərin ədəbiyyatındakı mövqeyi barədə məlumat verib. O deyib ki, bu il ərzində dünya ölkələrində filosof-şair Nəsiminin 650 illik yubileyi qeyd olunur, kitabları çap edilir.
Nəsiminin 650 illik yubileyi ilə bağlı Daşkənddə keçirilən tədbirlərə xüsusi olaraq dəvət edilən Diasporla iş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssisi Elmira Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamları haqqında məlumat verib.
Tanınmış özbək şairi və tərcüməçisi Tahir Qəhhar bildirib ki, İmadəddin Nəsimi öz ölməz əsərləri ilə dostluğu, sülhü, əmin- amanlığı təbliğ edib, bu ideyaları yayıb. Nəsimi sufi şairi kimi tanınsa da sonradan hürufi ideyalarını yayıb və buna görə də edam olunub.
Özbəkistan Nazirlər Kabineti nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsinin bölmə müdiri, professor Bəxtiyar Kərimov, Özbəkistan Yazıçılar İttifaqının üzvü, şair, soydaşımız Əli Nəsirli, universitetin müəllimi Dilorom Adilova, Özbəkistan Gənclər İttifaqının əməkdaşı Mansur Baysarov və başqaları böyük şairin əsərlərinin məziyyətlərindən danışıblar.
Sonda tələbələr Nəsiminin əsərlərindən nümunələr söyləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd