REGİONLAR


Nəsiminin xatirəsinə böyük ehtiram, ətraf mühitin sağlamlaşdırılmasına dəyərli töhfə - FOTO

Bakı, 6 dekabr, AZƏRTAC

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü dahi şairin xatirəsinə ehtiramla yanaşı, ətraf mühitin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Bu humanitar təşəbbüs dünyanın diqqətini Azərbaycana, mütəfəkkir şair Nəsimi irsinə cəlb etməklə, Azərbaycan mədəniyyətini, mənəviyyatını və dəyərlərini təbliğ edir. Eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılmasına dəyərli töhfədir.

Bu genişmiqyaslı kampaniya dekabrın 6-da paytaxtla yanaşı, bölgələrdə də bayram əhval-ruhiyyəsi ilə keçirilib.

AZƏRTAC bir sıra şəhər və rayonlarda ağacəkmə kampaniyaları barədə xəbərləri təqdim edir.

Sumqayıt

Yaradıcılığı ilə dünya ədəbiyyatına böyük təsir göstərmiş Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə üzrə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə sumqayıtlılar da böyük həvəslə qoşulublar.

Dekabrın 6-da minlərlə şəhər sakini, əmək kollektivlərinin üzvləri Azərbaycanda ilk dəfə həyata keçirilən belə genişmiqyaslı kampaniyada yüksək əhval-ruhiyyə ilə iştirak ediblər.

Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində, şəhərin müxtəlif ərazilərində minlərlə ağac əkilib.

Ağcabədi

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü böyük rəğbətlə qarşılayan ağcabədililər rayon ərazisində yerli şəraitə uyğun minlərlə həmişəyaşıl və meşə ağacları əkiblər.

Ağaclar Mingəçevir-Bəhramtəpə magistral avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində əkilib. Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak ediblər. Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə rayonun incəsənət ustaları musiqi nömrələri ilə çıxış ediblər.

Qusar

“Bir gündə 650 min ağac əkək” təşəbbüsünə qusarlılar da böyük həvəslə qoşulublar. Dekabrın 6-sı səhər saatlarından Qusar şəhəri ərazisində, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsinə başlanılıb.

Bayram əhval-ruhiyyəsində keçən aksiyada yüzlərlə rayon sakini könüllü olaraq iştirak edib. Aksiyada minlərlə müxtəlif növ ağac tingi əkilib.

Qax

Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da Qax rayonunda da minlərlə ağac tingi əkilib.

Digər rayonlarda olduğu kimi, Qaxda da bu kampaniyaya qabaqcadan geniş hazırlıq işləri görülüb. Ağacların əkiləcəyi ərazilər əvvəlcədən müəyyənləşdirilib, çalalar qazılıb, arxlar çəkilib. Ümumiyyətlə, bu nəcib təşəbbüs Qax şəhəri də daxil olmaqla, rayonun 17 inzibati ərazi dairəsini əhatə edib.

Ağacəkmə kampaniyasına rayonun 2 mindən çox sakini qatılıb. Rayon ərazisində bölgə üçün xarakterik olan cökə, akasiya, sərv, xan çinarı, qoz, şabalıd, ağcaqayın, tut və digər ağac tingləri əkilib.

Şəhərin küçə, prospekt və parklarında, həmçinin yenidən qurulan Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında da tinglər əkilib. Sakinlər ekoloji tarazlığın bərpasına yönələn bu nəcib təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirib, yeni yaşıllıqların salınmasının Nəsiminin xatirəsinin əbədiləşdirilməsinə, ölkəmizin çiçəklənən diyara çevrilməsinə çox dəyərli töhfə olduğunu bildiriblər.

İsmayıllı

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü dəstəkləyən İsmayıllı sakinləri dekabrın 6-da qabaqcadan müəyyənləşdirilən yerlərdə qoz, fındıq, akasiya, göyrüş və şam tingləri əkiblər.

İsmayıllı şəhərində yeni salınan Zəfər parkında, Heydər prospektində və Ə.Ələkbərzadə küçəsində, İsmayıllı–Muğanlı yolunun 20-35-ci kilometrliyində, Qalıncaq, İvanovka, Qubaxəlilli və digər yerlərdə minlərlə ting əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.

Tərtər

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulan tərtərlilər də genişmiqyaslı kampaniyada fəal iştirak ediblər.

Şairin irsinin daha geniş təbliği, eyni zamanda, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, çalalar qazılıb, əkinə hazır vəziyyətə gətirilib.

Aksiya çərçivəsində Tərtər-Bərdə, Tərtər-Hindarx, Tərtər-Şıxarx, Tərtər-Gəncə avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kəndlərində şam, göyrüc, akasiya, iydə, çinar, sərv və meyvə ağacları əkilib. Ərazilərdə abadlıq-təmizlik işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.

Zaqatala

“Bir gündə 650 min ağac əkək” təşəbbüsü Zaqatala rayonunun sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiyada rayon ərazisində müxtəlif növ minlərlə ağac tingi əkilib.

Genişmiqyaslı kampaniya Zaqatala şəhəri və rayonun 28 inzibati ərazi dairəsini əhatə edib. Bayram əhval-ruhiyyəsi və çal-çağırla keçirilən kampaniya zamanı Zaqatala-Qax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun kənarlarında, Zaqatala şəhərinin küçə, prospekt və parklarında əsasən akasiya, ağcaqayın, qoz, şabalıd və digər növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Sabirabad

Dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Bir gündə 650 min ağac əkək” təşəbbüsünə sevinclə qoşulan yüzlərlə sabirabadlı səhər saatlarından ağacəkmə aksiyasında iştirak etmək üçün Sabirabad-Saatlı avtomobil yolu boyunca toplaşıblar.

Bayram əhval-ruhiyyəsi ilə keçirilən aksiyada 12 min nəfərdən çox sabirabadlı iştirak edib. Həmin gün müxtəlif növ meyvə və bəzək ağacları əkilib, suvarılıb, tinglərin mühafizəsi üçün qoruyucu sədlər çəkilib.

Gəncə

Birinci vitse-prezident Mehriban Əliyevanın görkəmli mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Gəncədə də ağacəkmə aksiyası keçirilib.

Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məqbərəsi ətrafında Eldar şamı və dekorativ ağac tingləri əkilib.

Ekoloji aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivi ədəbi-bədii kompozisiya nümayiş etdirib.

Şəmkir

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə öz töhfələrini verən şəmkirlilər dekabrın 6-da rayon ərazisində yerli şəraitə uyğun tinglər əkiblər.

Bu nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, könüllü gənclər, sadə vətəndaşlar iştirak ediblər.

Ağacların bir hissəsi Şəmkir-Qazax magistral avtomobil yolunun yaxınlığında yerləşən Dəllər Cəyir kəndinin ərazisində əkilib. Əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.

Bayram əhval-ruhiyyəsi ilə keçən tədbir zamanı incəsənət ustaları dahi şairin qəzəlləri və şeirlərinə bəstələnmiş musiqilər səsləndiriblər.

X X X

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da respublikamızın bütün şəhər və rayonlarında ağacəkmə aksiyaları keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.