REGİONLAR


Nəsiminin yaradıcılığı Azərbaycan ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir

Zaqatala, 23 aprel, Mustafa Dadaşov, AZƏRTAC

İmadəddin Nəsimi Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şairlərdən biridir. Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin ilk yaradıcılarından olan Nəsimi söz sənətini forma və məzmunca daha da zənginləşdirib, özündən sonrakı nəsillər üçün çox dəyərli ədəbi irs qoyub gedib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə aprelin 23-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində dahi şairin həyat və yaradıcılğından bəhs edən kitab və rəsm sərgiləri ilə tanış olublar.

Rayon ziyalılarının, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə qüdrətli söz ustasının Azərbaycan ədəbiyyatındakı yeri və rolundan ətraflı bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi şairə verilən yüksək dəyər və ehtiramın göstəricisidir.

Diqqətə çatdırılıb ki, Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Altı yüz əlli il öncə yaşayıb yaratmasına baxmayaraq, şairin üç dildə yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.

Tədbirdə dahi şairin şeirləri söylənilib, “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.