REGİONLAR
Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus yer tutur
Qəbələ, 16 may, Mustafa Dadaşov, AZƏRTAC
Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Altı yüz əlli il öncə yaşayıb-yaratmasına baxmayaraq, şairin yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə mayın 16-da Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Mən bu cahana sığmazam” adlı tədbirdə səsləndirilib.
İştirakçılar əvvəlcə Mərkəzin foyesində dahi şairin həyat və yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Mərkəzin direktor əvəzi Kəmalə Qasımova çıxış edərək, Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş İmadəddin Nəsiminin yaradıcılığından danışıb, onun Şərq xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus yer tutduğunu vurğulayıb. Mərkəzin direktoru Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsinin şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı İlhamə Seyidova şairin həyat və yaradıcılığı barədə danışıb. Diqqətə çatdırılıb ki, 1369-cu ildə Şamaxı şəhərində dövrünün tanınmış ziyalısı Seyid Məhəmmədin ailəsində dünyaya göz açan Nəsimi hələ gənc yaşlarından elmə böyük həvəs göstərib, klassik Şərq və yunan fəlsəfəsini, ədəbiyyat, astronomiya və məntiq elmlərini dərindən mənimsəyib, İslamın əsaslarını, Quranı öyrənib.
Dahi Nəsiminin məşhur “Sığmazam” qəzəlindən misralar söyləyən İ.Seyidova bu sözlərdə çox dərin fəlsəfi məna olduğunu, əslində Nəsiminin insanı təbiətin Allah tərəfindən yaratdığı ən kamil varlıq kimi qələmə verdiyini, şeirlərində də bunun aydın şəkildə hiss edildiyini bildirib.
Tədbirin sonunda “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirilib.