REGİONLAR
Nəsiminin zəngin irsi insanların mənəvi əxlaqının kamilləşməsində mühüm əhəmiyyətə malikdir
Oğuz, 29 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəsinə çevrilən ədəbi irsi dərin köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən ədəbi-bədii tədbirdə səsləndirilib.
Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Oğuz rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək, şair və mütəfəkkir Nəsiminin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə geniş məlumat verib. Vurğulanıb ki, Nəsiminin zəngin irsi Azərbaycan xalqının bədii-fəlsəfi fikrində müsbət iz qoyub və bu gün də insanların mənəvi əxlaqının kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan və bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Bəşəri dəyərlər, insana sevgi, azadlıq və əmin-amanlığa çağırış qayəsi olan İmaməddin Nəsimi bədii yaradıcılığında bunu bir daha sübut edib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək, Nəsiminin öz zəngin irsi ilə əsrlərdən bəri nəinki Şərq, eyni zamanda, dünya poeziyasında öz abidəsini ucaltmağa müvəffəq olduğunu bildirib.
Ədəbi-bədii tədbirdə İmadəddin Nəsimi haqqında çəkilən filmdən fraqmentlər göstərilib, məktəblilər şairin yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirib, qəzəllərini söyləyiblər.