İQTİSADİYYAT


“NewSpace” Biznes Akselerator proqramının final mərhələsi keçirilib YENİLƏNİB

Bakı, 13 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

İyunun 13-də “Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator proqramının final mərhələsi (“Demo Day”) baş tutub.

AZƏRTAC xəbər verir ki, ASC-nin sədr müavini Rövşən Rüstəmov proqram barədə danışıb. Qeyd edib ki, proqram Azərbaycanda kosmik xidmətlər sahəsində startap ekosisteminə töhfə verəcək. Bir ilə yaxındır ki, proqram çərçivəsində “Azərkosmos” startapçılara dəstək göstərib. On səkkiz min manat vəsait ayrılıb.

R.Rüstəmov bildirib ki, 2018-ci ilin oktyabrında elan edilən proqramın əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək verilməsidir. Proqram elan olunduqdan sonra bu sahəyə maraq göstərən, innovativ ideya, layihə və məhsullara malik – tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və sair peşələrdən olan sahibkar ruhlu bir çox şəxs proqrama müraciət edib.

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 startapçı müraciət edib. Onların arasından seçilmiş ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunub. Bu ilin yanvar-may aylarını əhatə edən akselerasiya dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, ofis işi, texniki və biznes təlimlər, ekspert, mentor və sair dəstək göstərilib. Burada startaplar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyərək layihələrinin ilkin işlək versiyasını hazırlayıblar. Həmçinin startaplar öz məhsul və prototiplərinin hazırlanması istiqamətində vacib addımları yerinə yetirərək inkişaf ediblər.

Bugünkü mərhələdə ən yüksək nəticə göstərən 5 startap finala vəsiqə qazanıb və münsiflər heyəti qarşısında çıxış edib. Münsiflər heyəti tərəfindən seçilən 3 layihə – “Orient Map”, “ThermoNorth” və “Power Academy” “NewSpace” Biznes Akselerator proqramının qalibi olub, “Azərkosmos” tərəfindən mükafatlandırılaraq aşağıdakı məbləğlərdə investisiya əldə edib. Birinci yerin qalibi “Orient Map” 10 min manat, ikinci yerin qalibi “ThermoNorth” 5 min manat, üçüncü yerin qalibi “Power Academy” isə 3 min manat qazanıb.

Qalib startaplar “Azərkosmos”la birgə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarda iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.