İDMAN


“New In Chess Classic”: Şəhriyar Məmmədyarov yarımfinalda Hikaru Nakamura ilə mübarizə aparacaq

Bakı, 29 aprel, AZƏRTAC

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində yarımfinalın matçları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə görüşəcək. Yarımfinalın digər matçında isə Maqnus Karlsen ermənistanlı Levon Aronyanla qarşılaşacaq.

Ş.Məmmədyarovla yanaşı, şahmatçımız Teymur Rəcəbov da yarışa qatılmışdı. O, dörddəbir final mərhələsində Maqnus Karlsenə məğlub olub.

Şəhriyar Məmmədyarovun “Champions Chess Tour” onlayn şahmat seriyasında ilk dəfə çıxışı bundan əvvəlki - dördüncü mərhələyə təsadüf edib. Həmin yarışda şahmatçımız ilkin mərhələdə məğlub olub. Digər şahmatçımız Teymur Rəcəbov isə “Champions Chess Tour” onlayn şahmat seriyasının bütün mərhələlərində iştirak edib. O, seriyanın ikinci- “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı məğlub etməklə yarışın qalibi olub, üçüncü - “Opera Euro Rapid” mərhələsində isə 3-cü yeri tutub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.