İQTİSADİYYAT
Newcastle Universitetinin layihəsində mərhələ keçən startapçılarla görüş olub
Bakı, 23 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İngiltərənin Newcastle Universiteti ilə birgə həyata keçirilən "Creative Spark" (Yaradıcı Qığılcım) layihəsinin "Big IDEA" adlı ideya və fikir yarışının ilkin mərhələsində iştirak şansı qazanan startapçılarla görüşüb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, V.Qasımlı son dövrlər aparılan islahat tədbirləri nəticəsində startap ekosisteminin inkişaf etdirildiyini deyib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliyə əsasən Azərbaycanda mikro və kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startaplar "Startap" şəhadətnaməsi aldığı tarixdən 3 il müddətinə vergidən azad olunur. Bundan başqa, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad olunanlar siyahısına əlavə edilir. Həmçinin KOB klaster şirkətinin mənfəəti - KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə vergidən azad olunur. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 manatadək olan rezident müəssisənin təsisçisi və ya səhmdarları mənfəət vergisindən azad edilir.
İcraçı direktor Azərbaycanda startapların toxum, mələk və vençur investorlara çıxışına dəstək vermək üçün yaradılan "EnterpriseAzerbaijan.com" portalının fəaliyyətini misal göstərib. Qeyd edib ki, ölkədə startap ekosisteminin tərkib hissəsi kimi sənaye parkları, sənaye məhəllələri, aqro və texno parklar fəaliyyət göstərir. Çox sayda biznes inkubatorları yaradılıb.
V.Qasımlı bildirib ki, Newcastle Universiteti ilə həyata keçirilən "Creative Spark" layihəsinin əsas məqsədi Azərbaycan startaplarının beynəlxalq səviyyədə tanınmasına dəstək göstərməkdən ibarətdir.
Ümumilikdə müsabiqəyə 50-dən çox layihə təqdim olunub və onlardan bir qismi "Ideation" və "Boot Camp"a qatılmaq şansı qazanıblar. Britaniya Şurasının (“British Council”) təşəbbüsü ilə tələbə və gənc startapçılar arasında həyata keçirilən yarışın qaliblərini öz ideyalarını həyata keçirmək üçün 25 min avroyadək pul mükafatı, Birləşmiş Krallığa səfərlər və professional biznes dəstəyi gözləyir.
Müsabiqədə "EnterpriseAzerbaijan.com" portalına layihə daxil edən startapçılar, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edir.