SİYASƏT


“Newsweek” nəşri: Azərbaycan Avropaya enerji ehtiyatlarının ixracını artırmaq niyyətindədir

Vaşinqton, 4 oktyabr, AZƏRTAC

Amerikanın “Newsweek” nəşri Avropaya təbii qaz tədarükü ilə bağlı problemlər və qitənin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu barədə məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ukraynada müharibə ilə əlaqədar Moskvaya qarşı ittihamlar və sanksiyalar üzrə daha geniş səylər çərçivəsində Avropa İttifaqı (Aİ) liderlərinin may ayında Rusiyadan enerji daşıyıcılarının idxalını dayandırmaq barədə vəd etdiklərindən söhbət açılır. Müəlliflər yazırlar ki, bununla yanaşı, Azərbaycan Avropaya təbii qaz ixracını artırmağı öhdəsinə götürüb.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfəri zamanı deyib: “Biz təkcə Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-yə sabit və etibarlı qaz tədarükünə zəmanət verən mövcud tərəfdaşlığımızı möhkəmləndirmək üçün çalışmırıq. Biz, həmçinin enerji effektivliyi və ekoloji cəhətdən təmiz enerji sahəsində uzunmüddətli tərəfdaşlığın təməlini qoyuruq. Çünki hər iki tərəf Paris sazişinin hədəflərini izləyir”.

Əslində, bu iki hədəf neft ixracatçısı olan bir çox ölkədə olduğu kimi, Azərbaycanda da qarşılıqlı surətdə bağlıdır. Azərbaycan daxili istehlak üçün alternativ enerji istehsalını nə qədər çox inkişaf etdirərsə, ixracat üçün bir o qədər çox neft istehsal olunacaq.

Məqalədə qeyd olunur ki, hazırda Azərbaycanda elektrik enerjisinin böyük hissəsi mədən yanacağının, qalan hissəsi isə su elektrik stansiyalarının payına düşür və bu da Azərbaycanın dağlıq relyefi üçün üstün cəhətlərdən biridir. Bununla belə, istehsal coğrafiyasının genişlənməsi çoxlu digər alternativ və bərpaolunan enerji mənbələri üçün böyük potensialın yaranmasına kömək edib. Külək enerjisi ölkədə ildə 800 Mvt enerji istehsalı üçün potensiala malikdir.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Zenger News” nəşrinə müsahibəsində deyib: “Biz bütün ölkələrin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tam dəstəkləyirik və biz Ukraynanı bu çətin vaxtda dəstəklədik. Həqiqətən bu vəziyyətə diplomatik yolla son qoymaq lazımdır, çünki bu, həm regional, həm də qlobal sülh üçün mühümdür.

Diplomat, həmçinin təsdiq edib ki, Ermənistanla sərhədyanı zonada sentyabrda baş vermiş son gərginləşməyə baxmayaraq, Azərbaycan hələ də Avropaya təbii qaz ixracının həcminin artırılması üzrə öz qlobal öhdəliklərini yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyev bu ay bəyan edib ki, Transadriatik boru kəmərinin (TAP) genişlənməsi barədə danışıqlara başlanılıb. Hazırda boru kəməri Azərbaycanın “Şahdəniz” qaz yatağından Avropaya ildə 10 milyard kubmetr qaz tədarük edir. Bununla yanaşı, bu həcmin 8 milyard kubmetri İtaliyanın, qalanı isə Yunanıstan və Bolqarıstanın payına düşür.

Xəzər İbrahim daha sonra vurğulayıb: “Rəqabət müzakirə mövzusu deyil. Nə qədər çox mənbə varsa, bazar üçün bir o qədər yaxşıdır. Xüsusilə, geosiyasi böhran zamanı qlobal enerji bazarının sabitliyinə bütün dünyada olan tərəfdaşlarımız ilə əməkdaşlıq hesabına nail olunur. Biz Avropa İttifaqı ilə razılaşmalar çərçivəsində 2027-ci ilədək Avropadakı tərəfdaşlarımıza təbii qaz ixracını iki dəfə artırmağı, - Avropa bazarlarına indi göndərdiyimiz 10 milyard kubmetri hər il artırmaqla 2027-ci ilədək 20 milyard kubmetrə çatdırmağı öhdəyə götürmüşük”.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.