CƏMİYYƏT
“Nextsale” və “Whelp” startaplarına investisiyalar verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “SUP” Startap Akseleratorunun qış akselerasiya proqramının iştirakçıları olan “Nextsale” və “Whelp” startaplarına toxum investisiyaları verilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, həmin startaplara qoyulan investisiya “Azfinans” İnvestisiya Şirkəti, “Next Step” İnnovasiya Mərkəzi və “Xəzər Vençurs” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
Qeyd edək ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. “INNOLAND” Kovörkinq, İnkubasiya, Akselerasiya və İnformasiya Texnologiyaları Təlim-Tədris Mərkəzindən ibarətdir.