İDMAN
“Neymar Jr's Five” turnirinin dünya finalında Azərbaycanı “Chapecoense” komandası təmsil edəcək
Bakı, 28 iyun, AZƏRTAC
“Neymar Jr's Five” futbol turnirinin dünya finalında ölkəmizi təmsil etmək hüququ uğrunda 200-dən çox komandanın mübarizə apardığı yarışın Gəncə, Lənkəran və Bakı seçim mərhələlərində qalib gələn 16 komanda final mərhələsində gücünü sınayıb.
AZƏRTAC xəbər verir ki, final mərhələsinin həlledici qarşılaşmasında “Chapecoense” komandası “433” ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə “Chapecoense” komandası 3:2 hesabı ilə qələbə qazanaraq Braziliyada keçiriləcək dünya finalına vəsiqə əldə edib. “433” komandası yarımfinal oyununda keçənilki qalib və bu ilin favoriti olan “Şirinlər” komandasını məğlubiyyətə uğradıb.
“Chapecoense” komandasının kapitanı Emil Həsənzadə qələbə ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Finala gedən yolda əzmkarlıqla mübarizə apardıq. Bu turnirdə qələbə qazandığımız üçün çox sevinirik. Braziliyada dünya finalında yaxşı nəticə göstərməyə çalışacağıq”.
Qeyd edək ki, iyulun 21-də futbol üzrə dünya çempionatından dərhal sonra “Chapecoense” komandası Braziliyaya yola düşəcək və orada “Neymar Jr's Five” dünya finalında Azərbaycanı təmsil edəcək. Mötəbər turnirdə 50-yə yaxın ölkədən komandalar mübarizə aparacaqlar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil olunan “Neymar Jr's Five” yarışında hər oyun 10 dəqiqə davam edir. Vurulan hər qoldan sonra rəqib komandadan bir oyunçu meydanı tərk etməli olur. Matç komandalardan birinin sonuncu oyunçusunun meydandan uzaqlaşdırılmasına və ya vaxt başa çatanadək davam edir. Sonda meydanda oyunçularının sayı daha çox olan komanda qalib gəlir.