İQTİSADİYYAT


Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?

Bakı, 11 may, AZƏRTAC

Nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergiödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu iqtisadçı-ekspert Anar Bayramov şərh edib.

Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən, Məcəllədə sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergiödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur.

A.Bayramov diqqətə çatdırıb ki, 2021-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən, bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib: “Dəyişiklik edilənə qədər maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı isə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdə qeyd edilir ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergiödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək”.

Qeyd olunub ki, 2022-ci il yanvarın 1-dək vergi orqanı tərəfindən nəzarət-kassa aparatının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların əks olunmasının yoxlanması ilə bağlı vergi nəzarəti tədbirləri həyata keçirirdi. Vergi orqanı tərəfindən həmin əsaslarla tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergiödəyicilərinin yuxarı vergi orqanı və məhkəməyə şikayətləri olurdu. Vergiödəyiciləri hesab edirdilər ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların nəzarət-kassa çekində qeyd olunmaması həmin avadanlığın texniki tələblərə cavab verməməsi kimi qiymətləndirilməməlidir. Bu səbəbdən də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə düzəliş edilməsi məqsədəuyğun sayılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.