İQTİSADİYYAT
Nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 13 iyun, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Sumqayıt şəhər Səhiyyə Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Bu barədə Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Kollegiyaya dəvət olunmuş Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev, Sumqayıt şəhər Səhiyyə şöbəsinin mərkəzləşmiş mühasibatlığının baş mühasibinin iqtisadi məsələlər üzrə müavini İradə Məmmədova və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun Texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, baş mühasib Leyla Quliyeva müzakirələrdə iştirak edərək kollegiya üzvlərinin suallarını cavablandırıblar.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 13 iyul 2016-cı il tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının icrası ilə bağlı Hesablama Palatasında görüləcək işlər haqqında müzakirələr aparılıb.