ELM VƏ TƏHSİL


Nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirilir

Bakı, 4 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üçün imtahanlarda nəzarətçi kimi iştirak edəcək nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminar–məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Martın 5-dək davam edəcək bu seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarların respublikanın bütün şəhər və rayonlarda keçirilməsi nəzərdə tutulur və 15 minə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Seminar–məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədi ilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq olunan sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərə cəlb olunan nəzarətçi-müəllimlər (xüsusən ilk dəfə cəlb olunan müəllimlər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda qazandıqları nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə imkan yaradacaqdır. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər müvafiq qəbul imtahanlarına cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.