ELM VƏ TƏHSİL
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninq keçirilib
Bakı, 10 noyabr, AZƏRTAC
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninq keçirilib. Sistem noyabrın 10-dan dekabrın 2-dək aktiv olacaq.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, treninqdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumi təhsil müəssisələrinin əlaqələndiriciləri və DİM-in regional bölmə mərkəzlərinin məsul şəxsləri iştirak ediblər. Treninqlərin regional bölmə mərkəzlərinin məsul şəxsləri tərəfindən həmin mərkəzlərə daxil olan rayonların əlaqələndiriciləri üçün də keçirilməsi nəzərdə tutulur.
Əlaqələndiricilərə cari ildə zal nəzarətçilərinin imtahanlara cəlb edilməsi və imtahanlarda iştirakının təşkili, zal nəzarətçilərinin fəaliyyətinin təhlili ilə bağlı yekun nəticələr və zal nəzarətçiləri bazasının müxtəlif parametrlərə görə tərkibi kimi məlumatlar təqdim edilib. Həmçinin, “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, bazaya daxil edilmiş zal nəzarətçilərinin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında məlumatlar və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilib.
Bu sistem zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və prosesin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici “Şəxsi kabinet”inin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.
Nəzarətçilərin elektron qeydiyyatı sistemində zal nəzarətçilərinə “Şəxsi kabinet”lərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiq etmək imkanı da yaradılıb.