ELM VƏ TƏHSİL
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninqlər keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək əlaqələndiricilər üçün treninqlər keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, treninqlərdə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri və DİM-in regional bölmə mərkəzlərinin məsul şəxsləri iştirak ediblər. Treninqlər regional bölmə mərkəzlərinin məsul şəxsləri tərəfindən həmin mərkəzlərə daxil olan rayonların əlaqələndirciləri üçün də keçirilib. Əlaqələndiricilərə “Nəzarətçilərin elektron qeydiyyatı” sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında, bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (təhsil səviyyəsi, ixtisası və təhsillə bağlı digər informasiyalar, sosial sığorta və bank rekvizitləri haqqında və s.) məlumatlarının daxil edilməsi və dəqiqləşdirilməsi, yeni nəzarətçilərin qeydiyyatının aparılması və əmək müqavilələrinin bağlanılması qaydaları barədə ətraflı məlumat verilib.
Nəzarətçilərin elektron qeydiyyatı sistemində, həmçinin zal nəzarətçisi sertifikatı alan şəxslər üçün şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə öz məlumatlarını fərdi qaydada təsdiqləmək imkanı yaradılıb. Qeyd edək ki, cari ildə 1054 namizəd zal nəzarətçisi sertifikatı əldə edərək DİM tərəfindən keçirilən imtahanlarda iştirak edib.
“Nəzarətçilərin elektron qeydiyyatı” sistemi 2021-ci il yanvar ayının 5-dək aktiv olacaq. Bu sistem ümumtəhsil müəssisələrindən test imtahanlarına cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Ümumtəhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici, şəxsi kabinetinin istifadəçi adı və şifri ilə məktəb üzrə zal nəzarətçiləri bazasına daxil olur, mövcud nəzarətçilər bazasında onların zəruri məlumatlarını dəqiqləşdirir, yeni nəzarətçilərin qeydiyyatını aparır, müqavilələr bağlayır və məktəb üzrə ümumi siyahını təsdiq edərək DİM-ə təqdim edir.