CƏMİYYƏT
Nəzifə İsgəndərova: Prezident şəhid ailələrinin vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük addım atıb
Bakı, 7 fevral, AZƏRTAC
“Mən Qubadlının belə ağır günlərində biganə qala bilmərəm. Orda ölüm-dirim müharibəsi gedir, qan su yerinə axır, mən burda necə rahat yaşayım?”, - deyib Nəbi doğulduğu məkana üz tutdu…
1993-cü il... Qarabağ müharibəsinin ən ağır günləri idi…
“Ailə qurduğumuzdan beş il keçirdi, iki övlad sahibi olmuşduq... O gündən Aygünlə Aynur “ata” kəlməsinə həsrət qaldılar”, - deyə hərbi qulluqçu Nəbi İsgəndərovun həyat yoldaşı Nəzifə xanım AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı xatırlayır:” Qaradağ rayonunda neft sahəsində çalışırdı. Hər halda gün-güzəranımız pis deyildi. Amma hər şeyə “əlvida” deyib getdi… O gündən gözlərimiz yolda, qulağımız səsdə qaldı. 1994-cü ilin fevralında isə xeyli axtarışdan sonra məzarını tapdıq. Nəbi canından çox sevdiyi torpağa qovuşmuşdu…”.
O, 1962-ci il yanvarın 12-də Qubadlı rayonun Fərcan kəndində doğulmuşdu. Doğma kəndə, el-obaya çox bağlı idi. Torpağımızın başı üzərini qara buludlar alandan bir ayağı rayonda idi. Tez-tez gedib gəlir, hər gün cəbhə bölgəsində baş verənləri izləyirdi. Nəhayət ki, dözmədi…
“1993-cü il yanvarın 19-da Murovda şəhid olmuşdu. Şəhid olduğundan gec xəbər tutduq. Əslində qarlı aşırımlarda həlak olanların meyitini bir neçə gün sonra həmin ərazidən çıxarmaq mümkün olmuşdu. Onu naməlum əsgər kimi Gəncə qəbiristanlığında dəfn etmişdilər. Məzarını fevralın 16-da tapa bildik. Sonra gətirib Bakıda Şəhidlər xiyabanında dəf etdik”, – deyə Nəzifə xanım xatırlayır.
Nəzifə İsgəndərova bu il yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüşün iştirakçısıdır. O, dövlət başçısının şəhid ailələrinə göstərdiyi qayğını yüksək minnətdarlıq hissi ilə qeyd edərək deyib: “Prezident şəhid ailələri ilə görüşüb bir daha onların yaşayış şəraiti, vəziyyəti ilə maraqlandı. Mən dövlət başçısına ödənilən müavinətin artırılmasını xahiş etdim. Prezident bu xahişə çox həssaslıqla yanaşdı, çox qısa vaxtda müavinətlərin qaldırılması barədə Fərman verdi. Onun bu diqqət və qayğısına, problemlərə göstərdiyi həssas münasibətə görə bütün şəhid ailələri adından təşəkkür edirəm”.
Nəzifə İsgəndərova iki qızından birinin ailə həyatı qurduğunu və üç nəvəsi olduğunu dedi. Hazırda Bakının Nərimanov rayonunda kirayədə yaşasalar da, ev növbəsində dayandıqları üçün yaxın vaxtlarda mənzillə təmin olunacaqlarına da böyük ümidlər bəsləyir.
“Ötən il keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyev imzaladığı ilk Fərmanla şəhid ailələrinə münasibətini və onların ehtiyaclarının necə prioritet məsələ olduğunu nümayiş etdirdi. Onun bu ədalətli və humanist addımı ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə yönəldilib. Bunu hər bir şəhid ailəsi öz həyatında hiss edir”,- deyə şəhidin həyat yoldaşı söyləyib.