CƏMİYYƏT


Nəzifə Mürsəlova: Hər hansı bir virus infeksiyasına qarşı antibiotiklə müalicə düzgün seçim deyil

Bakı, 24 noyabr, AZƏRTAC 

Hazırda hər birimizin koronavirusa yoluxmama ehtimalı çox aşağıdır. Son həftələrin göstəriciləri xəstəliyin dinamikasında xoşagəlməz artım olduğuna işarə edir. Bunun da müxtəlif səbəbləri var. Hamımız bildiyimiz kimi vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etmədilər. Belə ki, hamımız müharibə dövründə həm sevincimizi, həm də kədərimizi bölüşmək üçün toplaşdıq. Bu da xəstəliyin artımına səbəb oldu.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya antimikrob preparatlardan düzgün istifadəyə dair maarifləndirmə həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xəstəliyin, ağırlaşmış halların, ölüm saylarının artımına səbəb xəstə tərəfindən xəstəliyin düzgün idarə olunmamasıdır: "Burada əsas rolu gecikmiş müraciətlər və özünümüalicə oynayır. Ölkəmizdə vətəndaşlar özünümüalicəyə daha çox üstünlük verir. Həkimə müraciət gecikdirilir, 1 həftə, 10 gün özünümüalicə aparılır. Özünümüalicə də bir qayda olaraq antibiotiklərin istifadəsinə əsaslanır. Vətəndaşlar ətrafında olan və koronavirusa yoluxmuş şəxslərin antibiotiklə müalicəsinin müsbət nəticələndiyini görüb həmin preparatın istifadəsinə qərar verirlər. Bu da düzgün yanaşma deyil. Çünki hər bir xəstəlik müxtəlif insanlar arasında fərqli formada keçir. Respirator xəstəliklərin hamısı eyni yoluxma yolu ilə ötürülür və onların klinikası fərdi xüsusiyyətlər istisna olunmaqla müəyyən səviyyədə oxşardır. Lakin onları eyni formada müalicə edə bilmərik. Burada antibiotiklərdən düzgün və səmərəli istifadə olunması vacibdir. Antibiotiklərin istifadəsi təkcə insanlarda deyil, bitkilərdə, heyvanlarda, ətraf mühit amillərində xüsusi rola malikdir. Antibiotiklərsiz bir çox xəstəliklərin qarşısını ala bilməzdik, ağırlaşma və ölüm halları artardı. Lakin antibiotiklərin harada və necə istifadəsinə diqqət yetirmək lazımdır. Antibiotiklərin məqsədli şəkildə istifadə olunması sağalmaya kömək edir. Əksinə olaraq, antibiotiklər təyinatı üzrə istifadə olunmazsa, hansı ki, biz bunu COVID-ə yoluxmuş xəstələrdə görürük, o zaman xoşagəlməz hallar qeydə alına bilər. Yoluxma şübhəsi olan vətəndaş evdə özbaşına xəstəliyin simptomlarını azaltmaq üçün lüzumsuz olaraq güclü, genişspektrli antibiotiklərdən istifadə etdikdə bu, xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Əgər həmin xəstə ağırlaşmış vəziyyətdə xəstəxanaya düşürsə, həkim onun ağırlaşmış vəziyyətini və yanaşı bakterial infeksiyasını müalicə etmək məqsədilə antibiotik seçimi qarşısında qalır. Həkim hansı antibiotikin istifadə edilməsinə qərar verməyə çətinlik çəkir, çünki orqanizmdə həmin antibiotiklərə qarşı rezistentlik yaranmış olur. Hər hansı bir virus infeksiyasına qarşı antibiotiklə müalicə düzgün seçim deyil. Çünki onlar yalnız bakteriyalara təsir edir. Virus infeksiyalarına təsir etmir. Vətəndaşlara evlərindəki dərman qutularına antibiotikləri əlavə etməmələrini tövsiyə edərdik. Antibiotiklər yalnız həkim tərəfindən təyin olunmalı, özbaşına istifadə olunmamalıdır. Hər bir xəstəliyin özünün məqsədli müalicəsi var. Bir müalicəni eyni diaqnozlu müxtəlif xəstələrə tətbiq etmək olmaz. Vətəndaşlardan antibiotiklərin səmərəli və həkim nəzarəti ilə istifadə olunmasını xahiş edirik. Mövsümlə əlaqədar istər COVID, istərsə də hər hansı bir respirator infeksiyaların əlamətləri aşkarlandıqda ilk növbədə həkimə müraciət edin. Əgər həkim məsləhət görərsə, antibiotiklərdən istifadə etmək olar. Antibiotiklərdən məqsədli istifadə ilə yanaşı, onun düzgün qəbulu da vacibdir. Yəni gün ərzində onun içmə rejimi və davamiyyət müddətinə mütləq riayət olunmalıdır ki, bədəndə ya rezistentlik ya da antibiotiklərə qarşı müqavimət yaranmasın və müalicə düzgün istiqamətdə getsin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.