MƏDƏNİYYƏT


Nəzmiyyə Abbaszadə: Heç bir kollektiv – nə trio, nə kvartet, nə orkestr violonçelsiz olmur

Bakı, 14 avqust, AZƏRTAC

Şərq ölkələrinin mədəniyyətində, incəsənətində adını ilklər sırasına yazdırmağa müvəffəq olmuş azərbaycanlı qadınların sırasında Nəzmiyyə Abbaszadənin də öz yeri var. Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə məhz ilk azərbaycanlı qadın violonçel ifaçısıdır. AZƏRTAC Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mətbuat xidmətinin əməkdaşı, musiqişünas Ofelya İsgəndərovanın Nəzmiyyə Abbaszadə ilə müsahibəsini təqdim edir.

-Nəzmiyyə xanım, atanız mühəndis olub, eyni zamanda, skripkada ifa edib, ananız isə iqtisadçı olmağına baxmayaraq, Sizin pianoçu olmağınızı arzulayıb. Bəs, violonçel alətinə məhəbbət sizdə necə yaranıb?

-Bilirsiniz, ötən əsrin 50-ci illərində fortepiano alətinə böyük maraq var idi. Ona görə də anam çox arzu edirdi ki, mən fortepiano ifaçısı olum və məni yoxlamaq üçün 11 illik musiqi məktəbinin direktoru, tanınmış pianoçu, professor Kövkəb Səfərəliyevanın yanına apardı. O da məni yoxlayandan sonra violonçel sinfində oxumağım üçün anamı dilə tutdu. Dedi ki, indi violonçel ixtisasında oxuyan qızlar yoxdur, əgər qızınızı violonçel sinfinə qoysanız o, gələcəkdə bu alətdə çalan ilk qadın ifaçı olar. Elə də oldu, Kövkəb xanımın dedikləri özünü doğrultdu. Sonralar mən evdə violonçeldə ifa etdikdə, anam bu alətin səsinə aşiq olmuşdu, hətta hesab edirdi ki, ən gözəl səs violonçel alətinin səsidir. Alətə məhəbbətə gəldikdə isə uşaq vaxtı təbii ki, bu məhəbbəti anlamırsan, heç fərqində olmursan. Artıq böyüdükcə alətə məhəbbət yaranmağa başladı və violonçel aləti həyatımın ayrılmaz bir parçasına çevrildi.

-Özünü ilk qadın violonçel ifaçısı kimi görmək necə bir hissdir?

-Əlbəttə ki, ilk azərbaycanlı qadın violonçel ifaçısı olmaq insan üçün çox xoşdur, qürurvericidir. Eyni zamanda, birinci olmaq da çox çətindir. Amma mən heç vaxt birinci olmağı qarşıma məqsəd qoymamışam, buna can atmamışam. Sonralar həyat elə gətirdi ki, ilk azərbaycanlı qadın violonçel ifaçısı oldum.

-Əgər violonçel ifaçısı olmasaydınız, hansı sahənin təmsilçisi olardınız?

-Uşaqlıqdan tək musiqi ilə yox, ümumiyyətlə hər işlə maraqlanan olmuşam və bacarığım da olub. Hələ məktəbdə oxuyarkən riyaziyyat və həndəsə fənlərinə böyük marağım olub, riyazi fənlərin öhdəsindən çox yaxşı gəlirdim. Sonra müxtəlif əl işləri ilə maraqlanırdım, şirniyyatlar hazırlayırdım. Amma az öncə qeyd etdiyim kimi hansısa sahədə birinci olmağa çalışmamışam. Düşünürəm ki, musiqiçi olmasaydım, mütləq istənilən sahədə müəyyən mövqe tutardım.

-“Qadınlar kvarteti”nin yaradıcısı və aparıcı solisti olmusunuz. Müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış etmisiniz. O illərə bir nəzər salaraq, təəssüratlarınızı bizimlə bölüşərdiniz?

-Ümumiyyətlə, hər zaman kamera musiqisinə meyilli olmuşam. Biz dörd qız da bir yerdə oxuyub, rəfiqə olmuşuq. Rəfiqə olaraq da sonradan kvartet ifaçısı olmaq qərarına gəldik. Özümü çox xoşbəxt hiss edirəm ki, hər zaman qarşıma yaxşı müəllimlər çıxıb – Azərbaycan violonçel ifaçılıq məktəbini yaradan ixtisas fənnindən professor Sabir Əliyevin sinfində oxumuşam, kvartet sinfinin rəhbəri isə professor Rəşid Seyidzadə olub. Müəllimlərimiz çox maraqlı dərs prosesləri keçirdi, onlar bizi kvartet musiqisinə həvəsləndirirdilər. Biz hələ tələbə ikən ciddi və çətin proqramlarla çıxış edirdik, klassik əsərlər üzərində çox çalışırdıq (L.Bethoven, D.Şostakoviç, K.Debüssi, Q.Qarayev və s.). O vaxtlar Konservatoriyanın rektoru görkəmli bəstəkar Cövdət Hacıyev idi. O, bizə çox dəstək olurdu və ildə 3-4 dəfə Moskvaya ezamiyyətə, konsultasiyalara göndərirdi. O zamanlar gənc bəstəkarların əsərlərini ifa edərək, sonralar Bəstəkarlar İttifaqının plenumlarında çıxış edirdik. Deyə bilərəm ki, “Qadınlar kvarteti” olaraq çox maraqlı ifaçılıq həyatı yaşamışıq və ifaçı olaraq səhnəyə nə qədər çox çıxırdıqsa, ifamız da bir o qədər püxtələşirdi. Səhnəyə çıxdığımız an ifaçılarda qəribə hisslər yaranırdı və hər dəfə əsərlərə müxtəlif yanaşmalar aşkar edilirdi.

-Siz aspirantura təhsilinizi P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında almısınız. Oradakı təhsil illərinizdən danışardınız?

-Aspirantura təhsil illərim, Moskva Konservatoriyasının mühiti olduqca maraqlı idi. Orada professorlarla tələbələr arasında səmimi ünsiyyət vardı. Moskvada təhsil aldığım zaman M.Rostropoviç, D.Oystrax kimi bir çox tanınmış musiqiçilərin, professorların dərslərində iştirak edirdim, dərs prosesini izləyirdim və onların ifalarını diqqətlə dinləyirdim. O mühit musiqiçi kimi formalaşmağımda böyük rol oynadı. Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmək doğrudan da böyük bir məktəbdir. Orada əldə etdiyim biliklərdən sonradan lazımınca faydalana bildim. Ona görə də mən çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasında təhsil almışam, tanınmış musiqiçilərin əhatəsində böyümüşəm.

-Bu gün gənclərin violonçel alətinə marağı necədir? Sizin tələbəlik illərinizdəki marağı indi də görə bilirsinizmi?

-Gənclərin, tələbələrin violonçel alətinə marağı, həvəsi çox böyükdür. Deyərdim ki, qızlarda daha çox maraq var, bəlkə aləti daşımaq xoşlarına gəlir. Amma istər musiqi məktəblərində, istər ali məktəblərdə bu alətə çox böyük tələb və maraq vardır ki, bu da çox sevindirici haldır.

-Siz həm ilk violonçel qadın ifaçısı, həm də BMA-nın ilk qadın violonçel müəllimisiniz. Azərbaycan qadını üçün bu enerji, qüvvə haradan qaynaqlanır?

-Bütün bu enerji, bu qüvvə şəxsi marağımdan, bu işə sevgimdən qaynaqlanır. Doğrudan da öz sənətimi çox sevirəm, dərsə, işə çox maraqla, həvəslə gedirəm. İşimin bəhrəsini görəndə isə çox sevinirəm. Tələbələrim, işim mənə bu enerjini verir. Çünki onların uğuru mənim də uğurumdur.

-Sizin neçə-neçə tələbələriniz prezident təqaüdçüləri, beynəlxalq və respublika müsabiqələri laureatıdırlar. Artıq uzun zamandır ifaçılıqla məşğul olmamağınız məhz diqqətinizi daha çox pedaqoji fəaliyyətinə yönəltmənizdənmi irəli gəlir?

-Əlbəttə, əsas işim pedaqoji fəaliyyətlə bağlıdır. 90-cı illərdən sonra bizim kvartetin tərkibi dəyişdi, biz başqa ifaçılarla çalışdıq. Tədricən ifaçılıq fəaliyyətimizi dayandırdıq. Mən də sonra dekan, kafedra müdiri oldum, elmi işlərlə və pedaqoji fəaliyyətlə daha çox məşğul olmağa başladım. O vaxt Azərbaycan dilində violonçel aləti haqqında heç bir kitab, ədəbiyyat yox idi. Ona görə violonçel ifaçılığı tarixi haqqında kitab, metodika dərsliyi yazdım. Bütün bunlara çox vaxt sərf olunurdu və ifaçılıqdan uzaqlaşmağa başladım. Pedaqoji fəaliyyətə olan sevgim ifaçılıq fəaliyyətimi üstələdi. Müəllimlikdən, bildiklərimi tələbələrimə öyrətməkdən böyük zövq alıram. Qazandığım nailiyyətlərim də mənim prezident təqaüdçüləri, laureat tələbələrimdir. Bir çox tələbələrim xarici ölkələrdə işləyirlər və hamısı ilə də yaxın ünsiyyətdəyəm. Onları çox istəyirəm, onlar da bunu hiss edirlər. Ona görə də müəllimlik mənim üçün daha önəmli oldu.

-Nəzmiyyə xanım, violonçel aləti ilə yeni məşğul olmağa başlayanlar hansı çətinliklərlə rastlaşırlar?

-Ümumiyyətlə, violonçel alətində ilk tədris çox çətindir. Yeni məşğul olmağa başlayanlar istər keyfiyyətli alət (həmçinin alətin simləri) tapmaq baxımından, istərsə də ifa etmək baxımından bir sıra çətinliklərlə üzləşirlər. Birincisi, uşaqlar üçün aləti daşımaq çətindir. Mən həmişə qeyd edirəm ki, bu alətdə ifa edənin uğurunun yarısı müəllimin, yarısı isə valideynin üzərinə düşür. Çünki valideynin köməyi, nəzarəti mütləqdir. İkincisi, uşaqların əlləri, barmaqları fiziki baxımdan zəif olduğu üçün alətdə ifa etmək onlara çətinliklər törədir. Ona görə də burada ən əsas iş müəllimin üzərinə düşür. Müəllim uşağa alət arxasında necə oturmağın, əl və barmaq quruluşunun təməlini düzgün qoymalıdır. Uşaq böyüdükcə isə artıq başqa problemlər - alətin ifadəli səslənməsi üzərində işlənilir.

-Alətin indiki aktuallığını necə qiymətləndirirsiniz?

-Violonçel aləti indiki zamanda çox aktualdır və aktual da səslənir. Bu alətin səsi, tembri çox ürəyə yatandır. Həmçinin fikir vermişəm ki, bir çox filmlərdə məhz violonçel aləti səslənir, görünür ki, bu alətin tembri ilə insanın hiss və duyğularını daha səmimi şəkildə göstərmək olur. Heç bir kollektiv - nə trio, nə kvartet, nə orkestr violonçelsiz olmur. Buna görə də violonçel öz aktuallığını itirmir, əksinə artırır.

-Hazırda klassik musiqidəki vəziyyət sizi qane edirmi?

-Təbii ki, hazırkı klassik musiqidəki vəziyyət məni qane etmir. Ötən əsrin 60-80-ci illərində klassik musiqiyə maraq başqa cür idi, böyük maraq var idi. İndi isə gənc nəsil yüngül musiqilərə meyillənirlər. Məncə indi əsas iş klassik musiqinin düzgün təbliği olmalıdır. Düşünürəm ki, bu istiqamətdə televiziya kanalları da böyük səy göstərməlidirlər - klassik musiqinin janrları, bəstəkar yaradıcılığı və s. haqqında proqramlar hazırlamalıdırlar. Əvvəllər klassik musiqiyə dair silsilə verilişlər, konsertlər dinləyicilərə təqdim olunurdu, tədricən insanlarda klassik musiqiyə diqqət, maraq, sevgi yaranırdı. İndi də bu istiqamətdə çox işlər görülməlidir. Hesab edirəm ki, artıq müəyyən işlər görülür. Mən ümumiyyətlə optimist insanam, bu sahədə də optimist düşünməyə çalışıram və hər şeyin düzələcəyinə ümid edirəm. Biz də gənclərə hər zaman dəstək olmağa, onlara əlimizdən gələn köməyi göstərməyə hazırıq.

Maraqlı müsahibəyə görə çox sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.