ELM VƏ TƏHSİL
Nicat Həsənov: Prezidentin Sərəncamı Laçının təhsil işçilərini çox sevindirdi
Bakı, 7 oktyabr, AZƏRTAC
Laçın şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı uşaq idim. Uşaqlıq və gənclik illərim köçkünlük şəraitində keçdi. 2020-ci il sentyabrın 27-də başlayan müharibəni toy-bayram kimi qarşıladıq. Bu, laçınlılar üçün məcburi köçkünlüyə son demək idi. 30 ilə yaxın bir müddətdə yurd həsrətilə yaşamağın ağrılarından qurtarmaq, yurda qayıtmaq, o gözəl yerlərdə yaşamaq, əyilmiş qamətləri dik tutmaq nə qədər sevindiricidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli Qələbəsini qazandı. İllərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən igid oğullarımıza, bu müqəddəs çağırışa “canım fəda” deyib şəhidlik zirvəsinə ucalan oğullara Qələbə sevincini yaşatdıqları üçün borcluyuq.
Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov deyib. O bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyev Laçın rayonu Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat, Laçın şəhəri 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə ilkin olaraq 800 min manat ayrılması haqqında Sərəncam imzalayıb. Bu, bütün laçınlılar, o cümlədən biz təhsil işçiləri üçün sevindirici xəbər oldu.
Nicat Həsənov hazırda paytaxtda fəaliyyət göstərən Laçın rayon 2 nömrəli və Ədalət Həsən oğlu Məmmədov adına Zabux kənd tam orta məktəbləri haqqında məlumat verib. Qeyd edib ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbi hazırda Binəqədi rayonu, 244 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərir. Məktəbdə 14 pedaqoji işçi, 2 nəfər texniki işçi çalışır. 31 nəfər şagird təhsil alır. Zabux kənd tam orta məktəbi Sabunçu rayonu Pirşağı qəsəbəsi Neftayırma zavodunun yataqxanasında fəaliyyət göstərir. Məktəbdə 18 pedaqoji işçi, 7 nəfər texniki işçi çalışır. 34 nəfər şagird təhsil alır.
“Biz bütün varlığımızla inanırıq ki, hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağı əbədi dalğalanacaq. Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin, igidlərimizin qarşısında heç bir düşmən dayana bilməyəcək”, - deyə o bildirib.