İDMAN
Nicat Həsənov: Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında əsas hədəfim çempion olmaqdır
Bakı, 3 oktyabr, AZƏRTAC
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığımız yüksək səviyyədədir. Təlim-məşq toplanışımız uğurla davam edir. İnanıram ki, olimpiadada uğurlu nəticə qazanacağıq.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bunu gənclərdən ibarət Azərbaycan millisinin üzvü Nicat Həsənov deyib.
Boksçumuz bildirib ki, əsas komanda ilə məşq edən gənc boksçularımız təlim-məşq toplanışına sabah yekun vuracaqlar. Avropa birinciliyinin gümüş medalçısı hazırlığın yüksək səviyyədə keçdiyini və bunun bəhrəsini Olimpiadada görəcəklərini vurğulayaraq deyib: “Çempionluq üçün məşq edirik. Bütün gücümüzlə çalışırıq ki, yarışda asan olsun. Rəqiblərin hamısı haqda tam məlumatlı deyiləm. Amma tanıdıqlarım da var. Onların hansı formada olduğu ciddi fərq etməyəcək. Hamımız eyni səviyyədəyik. Nəticələr rinqdə bilinəcək”.
Buenos-Ayresdə 69 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Nicat Həsənov Avropa birinciliyindən sonra dünya çempionatını medalsız başa vurub. Boksçu bildirib ki, bunun əvəzini olimpiadada çıxmağı hədəfləyir: “Püşkün nəticəsi çox vacibdir. Lakin mənim üçün fərq etməyəcək. Ən güclü rəqiblərlə düşsəm belə, rinqə qələbə üçün çıxacağam. Dünya birinciliyində medal qazana bilmədim. Bunun əvəzini Olimpiadada çıxmağa çalışacağam. Məqsədim çempionluqdur”.
Qeyd edək ki, III Yay Olimpiya Oyunlarında qüvvəsini sınayacaq 17 idmançımızdan ikisi boksçudur. Olimpiada oktyabrın 6-dan 18-dək keçiriləcək.