REGİONLAR


Nicat Nəsirli: Regional aqrar elm və innovasiya mərkəzləri öz fəaliyyətlərini karantin rejimi dövründə də davam etdirirlər

Bakı, 13 aprel, AZƏRTAC

Koronavirus xəstəliyi ilə əlaqədar dünya ölkələrinin əksəriyyətində, eyni zamanda, Azərbaycanda elan olunmuş karantin rejimi, ilk növbədə, əhalinin ərzaq təminatının fasiləsizliyini daha qabarıq ortaya çıxarıb. Bu mənada aqrar sektorun əhəmiyyəti daha da artıb. İlk növbədə, yaz-tarla işlərinin aktual dövrü olduğu bütün vacib addımlar - mərkəzi və yerli qurumların idarəçiliyi tədbirləri, fermer və digər aqrar sahə mütəxəssislərinin hərəkətləri pandemiya dövrünün tələblərinə uyğunlaşdırılıb. İdarəçilik tədbirlərinin fasiləsizliyi təmin olunmaqla məsafədən idarə olunma qaydalarına keçilib, onlayn videokonfranslar, elektron məktublaşma, telefon, “WatsApp” qrupları vasitəsi ilə tapşırıqların verilməsi icra olunur. Ona görə də bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) tabeliyində fəaliyyət göstərən regional mərkəzlərdə ötən ildən nəzərdə tutulmuş əkin planlarının həyata keçirilməsində hər hansı bir gecikmə, təxirəsalma müşahidə olunmayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib. O qeyd edib ki, cəbhə bölgəsi olan Tərtərdə yerləşən RAEİM–in ərazisində 33 hektarda yazlıq elit pambıq əkini aparılacaq. Bunun 4,5 hektarı yunan texnologiyasına əsaslanacaq. Bundan başqa, bölgənin təsərrüfatçılıq ənənələri nəzərə alınaraq fermerlər arasında nümayiş etdirmək məqsədilə soya, qarabaşaq, mərcimək əkini həyata keçiriləcək. Ötən ildən salınmış, bölgədə baramaçılığın inkişafına dəstək xarakteri daşıyan 1 hektarda əkilmiş 10 min tut tingi əkilən bağda mövsümi qulluq işləri davam etdirilir.

Şəki RAEİM ərazisində dəmyə şəraitində 70 hektarda payızlıq buğda və arpa əkinləri aparılıb, hazırda yemləmə gübrələrinin verilməsi davam etdirilir. Yazlıq əkin olaraq 10 hektarda hibrid qarğıdalı əkini aparmaq nəzərdə tutulub.

Nicat Nəsirli vurğulayıb ki, Salyan RAEİM–in ərazisində 70 hektarda payızlıq taxıl sortları əkilib. Bu sortlar “Qarabağ”, “Bərəkətli”, “Nuranə”, “Tale 38” kimi məhsuldar yerli sortlardır. Yazlıq əkinlər kimi 1 hektarda məhsuldar xaşa bitkisinin əkini artıq həyata keçirilib. Yaxın günlərdə 50 hektarda yerli və xarici pambıq sortlarının əkini aparılacaq. Bundan başqa, fermerlərə nümayiş etdirmək məqsədilə bostan bitkiləri və 1 hektarda soya əkini nəzərdə tutulub.

Onun sözlərinə görə, Quba RAEİM tərəfindən əvvəlki illərdə salınmış 50 hektar meyvə bağında yaz becərmələri və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Payızda aparılmış səpin nəticəsində 8 hektarda yerli arpa sortu, 2 hektarda buğda sahəsində normal bitiş əldə olunub. Bir hektar xaşa bitkisinin əkini də elə bu günlərdə başa çatdırılıb. Eləcə də, RAEİM tərəfindən payızda Fransadan gətirilərək fermerlərə nümayiş etdirmək məqsədilə əkilmiş 93 hektarlıq buğda və arpa sahəsində mövsümi qulluq işləri davam etdirilir.

“Qərb bölgəsində yerləşən Gəncə RAEİM tərəfindən 64 hektarda toxumluq buğda, 16 hektarda arpa, 2 hektarda çovdar, 28 hektarda isə yonca əkinləri aparılıb. Yazlıq əkinlər üçün 8 hektarda şəkər çuğunduru, 3 hektarda yonca, 1 hektarda xaşa, 4 hektarda günəbaxan, 32,5 hektarda yerli pambıq sortlarının əkini nəzərdə tutulub. Əkinlərdə yaz qulluq işləri sürətlə davam etdirilir” , - deyə N.Nəsirli bildirib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri əlavə edib ki, Beyləqan RAEİM tərəfindən payızlıq 12 hektarda arpa, 10 hektar buğda əkilib. Eyni zamanda, 1,7 hektarda yoncanın “Magnum” sortu, 1 hektarda xaşa əkini başa çatdırılıb. Yazlıq əkin kimi 0,7 hektarda soya, 0,7 hektarda mərci, 0,7 hektarda qarabaşaq, eləcə də 32 hektarda türk texnologiyasına əsaslanan pambıq əkinlərinin aparılması həyata keçiriləcək. RAEİM ərazisində bu ildən müasir texnologiyaların tətbiqi, yayımı məqsədilə tirəyə səpin texnologiyasının reallaşdırılması icra olunub. Gələcəkdə bu texnologiyanın üstünlükləri fermerlər arasında daha geniş tətbiq olunacaq.

“Cənub bölgəsində yerləşən Lənkəran RAEİM tərəfindən yazlıq əkinlərin aparılmasına hazırlıqlar görülür. Torpaq adamları üçün nümayiş məqsədilə 2 hektarda çəltiyin yerli “Avanqard” sortu və müxtəlif bostan bitkiləri əkiləcək. 0,5 hektarda soya, 0,5 hektarda mərcimək səpini də nəzərdə tutulub. Hazırda payızda əkilmiş 18 hektar buğda sahəsində yaz yemləmə işləri aparılır. Beləliklə, koronavirus xəstəliyi təhlükəsi ilə bağlı olaraq ölkə ərazisində hökm sürən gücləndirilmiş karantin rejimi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən regional mərkəzlərin fəaliyyətinə heç bir problem yaratmayıb. Bütün bölgələrdə nəzərdə tutulmuş əkinlər texnoloji xəritəyə uyğun olaraq davam etdirilir” , - deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.