SİYASƏT
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının fəaliyyəti müzakirə edilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının onlayn formatda növbəti toplantısı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Koordinasiya Şurasına üzv diaspor təşkilatlarının rəhbərlərinin və nümayəndələrinin qatıldıqları toplantıda 2020-ci ilin 8 ayı ərzində görülən işlərə yekun vurulub.
Müzakirələr zamanı koronavirus pandemiyası ilə əlaqədar sərt karantin dönəmində diasporun fəaliyyəti, işğalçı Ermənistanın iyul təxribatlarına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək olaraq Haaqa və Brüssel şəhərlərində təşkil edilən aksiyalar, Niderlandın siyasi partiyaları ilə keçirilən görüşlər, müxtəlif layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Şura üzvləri gələcəkdə aksiyaların daha səmərəli şəkildə keçirilməsi üçün təkliflərini səsləndirib, gələn il görülməsi nəzərdə tutulan tədbirlərlə bağlı fəaliyyət proqramının hazırlanmasının vacibliyini vurğulayıblar.