SİYASƏT


Niderland Krallığının Osterweijk şəhərinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olmuşdur

Bakı, 28 iyul (AZƏRTAC). Niderland Krallığının Osterweijk şəhərinin meri Hans Yansenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olmuşdur.

Komitədən AZƏRTAC-a bildirmişlər ki, görüşdə 26 min sakini olan Osterweijk şəhərinin 800 illik yubiley tədbirləri çərçivəsində 2012-ci ildə açılacaq yeni parka həmvətənimiz Məmməd Məmmədovun adının verilməsi planlaşdırılmışdır. Bu barədə qərarı Osterweijk şəhər bələdiyyəsi qəbul etmişdir.

Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonunda doğulub boya-başa çatmış M.Məmmədov Niderlandın faşistlərdən azad edilməsində igidlik göstərmiş və bu ölkədə “Medo” ləqəbi ilə tanınmışdır. 10 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində Məmməd Məmmədovun qızı Nensi Doomen (qızlıq adı Nənəxanım Məmmədova) da vardır.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev ilə görüşdə Niderlanddakı Azərbaycan diasporunun mövcud durumu müzakirə olunmuşdur. H.Yansen həmyerlilərimizin ölkənin ictimai, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, bu fəaliyyətin Azərbaycan və Niderland xalqları və dövlətləri arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirmişdir.

Qəhrəman döyüşçü Məmməd Məmmədovun doğulduğu Zaqatalada, həmçinin Şəki və Qəbələ rayonlarında olan nümayəndə heyətinin Azərbaycana səfəri iyulun 30-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.