CƏMİYYƏT


Niderland siyasi partiyalarının nümayəndələri Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblar

Paris, 14 sentyabr, AZƏRTAC

Niderland “Azərbaycan Evi” Assosiasiyasının “Zoom” proqramı ilə videogörüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Haaqa şəhəri CDA və EFF siyasi partiyalarının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Vijkhuijs, Astrid Frey, Hege Knaven, Daniel Francken də videogörüşdə iştirak ediblər.

Anton Vijkhuijs görüşü açaraq Niderland “Azərbaycan Evi” Assosiasiyasının rəhbəri Elxan Mirhəşimli ilə görüşləri haqqında qısa məlumat verib.

Görüşün əsas məqsədinin Ermənistanın 1988-ci ildən Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasəti, Rusiyanın regiondakı birtərəfli siyasəti və Dağlıq Qarabağda erməni separatçılarını dəstəkləməsi, onlara silah və siyasi dəstək verməsi, Avropa və Niderland mətbuatında erməni yalanlarının təbliği kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənilərin çirkin maraqları naminə din faktorundan istifadə etməsi, Avropa, Amerika qitəsində saxta rəy formalaşdırması ətrafında müzakirələr aparılıb.

Bildirilib ki, erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən Azərbaycan vətəndaşları arasında xristianlar və yəhudilər də var.

Ermənistanın 3-cü dövlətin vassalı olduğu, regionda təhlükəli vəziyyət yaratması ilə bağlı tarixi faktlara əsaslanan fikirlər söylənilib. Erməni separatçılarının Qafqaz regionu, eləcə də Avropa üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Niderland “Azərbaycan Evi” Assosiasiyasının rəhbəri Elxan Mirhəşimli qeyd edib ki, dini amildən istifadə edən erməni lobbisi tərəfindən ələ alınan bəzi avropalı siyasətçilər özləri də bilmədən işğalçı erməni separatçılarını dəstəkləyirlər.

“Əgər Avropa siyasətçiləri din üzərindən siyasət aparacaqlarsa, dostluq edərək din qardaşlarını müdafiə edəcəklərsə, onda BMT, Avropa Şurası və bəzi beynəlxalq qurumlar, onların yazdıqları hüquqi qanunlar nəyə və kimə lazımdır? Erməni separatçıları çirkin əməllərini din amili ilə ört-basdır edərək, avropalıları aldadırlar. Sizin və dövlətinizin nüfuzuna zərbə vuran belə “din qardaşı” sizə lazımdırmı?”,-deyə E. Mirhəşimli vurğulayıb.

O, Xocalı qətliamı, eləcə də iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın ölkəmizin beynəlxalq sərhədlərini pozması, qəfil hücum edərək mülki şəxsləri, eləcə də hərbçiləri qətlə yetirməsindən danışıb. Ermənistan hökumətinin işğalçı siyasətindən danışaraq, onun danışıqlar prosesinə daim zərbə vurmasından söz açıb.

Bildirib ki, BMT Təhlükəsizlik Şurası, AŞPA, AB kimi beynəlxalq nüfuzlu təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir çox qətnamə və qərarlar qəbul ediblər. Bu rəsmi sənədlər Ermənistandan işğalçı siyasətinə son qoymağı, Azərbaycan torpaqlarından qeyd-şərtsiz, dərhal çıxmağı tələb edirlər. Ermənistanın beynəlxalq hüququ pozmasına, beynəlxalq təşkilatların qətnamələrinə riayət etməməsinə göz yumulur. Buna son qoymaq lazımdır.

İştirakçılar “ASALA" erməni terror təşkilatı haqqında məlumat verərək, onun üzvlərinin diplomatlarımıza, azərbaycanlı icmanın üzvlərinə xətər yetirdiklərini bildiriblər.

Niderland “Azərbaycan Evi” Assosiasiyasının mətbuat katibi, Niderland – Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Lalə Aydəmirova isə Niderland mediasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim birtərəfli və qərəzli mövqe tutmağından söz açıb və buna son qoyulmasını tələb edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.