QAN YADDAŞI


Niderlandda Xocalı soyqırımı qurbanlarının xatirəsi faciə şahidlərinin iştirakı ilə anılıb

Bakı, 22 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi və Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, eləcə də Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə "Xocalı – Qan Yaddaşımız!" mövzusunda videokonfrans keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Videokonfransın moderatoru Xatirə Sərdarqızı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər barədə məlumat verdikdən sonra bu soyqırımına aid videoçarx nümayiş etdirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva bildirib ki, xaricdə fəaliyyət göstərən bütün diaspor təşkilatları kimi, Niderlanddakı diaspor təşkilatları da erməni cəlladlarının xalqımızın başına gətirdikləri müsibətlərin, o cümlədən Xocalı soyqırımının unudulmaması məqsədilə hər il anım mərasimləri təşkil edir, konfranslar keçirir, beynəlxalq təşkilatlara və yerli dövlət qurumlarına bəyanat və məktublar ünvanlayırlar.

Sonra Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Milli Məclisin deputat Sahib Alıyev, Niderland parlamentinin üzvü, DENK Partiyasının deputatı Tunahan Kuzu, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva, həkim Tariyel Eyvazov və başqaları videokonfransda çıxış ediblər.

Qeyd edilib ki, Xocalı soyqırımı ədalətin iflası, milli və dini mənsubiyyətə görə törədilmiş faciədir və bu cür cinayətlərin bir daha baş verməməsi üçün yüksək səslə “Xocalıya ədalət!” tələb olunmalı, müxtəlif ölkələrin parlamentləri tərəfindən soyqırımına hüquqi-siyasi qiymət verilməli, erməni cəlladları beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırılmalıdır.

“Təəssüf ki, dünya ictimaiyyəti 100 il bundan əvvəl olmayan hadisələri gündəmə gətirir, amma 29 il öncə baş verən Xocalı soyqırımı haqqında eşitmək istəmir. Xocalı soyqırımını ilk dəfə Niderland parlamentində gündəmə gətirən mən olmuşam. Bununla işimiz bitmir, bu barədə hər zaman danışmalıyıq, unutmamalı, unutdurmamalıyıq”, - deyə Tunahan Kuzu qeyd edib.

Xocalı sakini D.Ağayeva əsir qaldığı günlərdə özünün və digər sakinlərin başlarına gətirilən dəhşətli hadisələrdən danışıb, ömrünün sonuna qədər bu həqiqətləri yayacağını və ədalətin bərpa olunması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Videokonfrans “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.