Niderlandın “Teleqraf” qəzeti Azərbaycan şərabı haqqında yazıb
AzerTAg.az
Bakı, 8 sentyabr, AZƏRTAC
Niderlandda geniş tirajla nəşr olunan nüfuzlu “Teleqraf” qəzeti Haaqa şəhər hökumətinin və “Proost” şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Səfirliklər festivalı” haqqında “Rəqəmsal diplomatiya” sərlövhəli məqalə dərc edib və orada Azərbaycan şərabı haqqında məlumat yerləşdirib.
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, festivalda milli məhsulları ilə iştirak etmiş 40 ölkədən yalnız 4-nün adı məqalədə qeyd olunub və onların sırasında Azərbaycan şərabları xüsusi vurğulanıb.
Ənənəvi olaraq Haaqada keçirilən “Səfirliklər festivalı” COVID-19 pandemiyası ilə əlaqədar bu il virtual təşkil olunub. Tədbirdə Azərbaycan Niderlandda artıq tanınan “Savalan” şərabı və “Balxurma” şirkətinin qurudulmuş meyvələri ilə təmsil olunub. Festival çərçivəsində təqdim olunan “Səfirliklər qutusu” alıcılar tərəfindən sifariş edilib. Eyni zamanda, təşkilatçılar tərəfindən internet məkanında ölkələr haqqında virtual müsabiqə keçirilib, ölkələrin milli rəmzləri, mətbəxi, mədəniyyəti haqqında suallar verilib və qalib gələnlərə bir neçə “Səfirliklər qutusu” hədiyyə edilib. Bu müsabiqədə Azərbaycanın dövlət rəmzləri və milli mətbəxi ilə bağlı da iştirakçılara suallar verilib.
Festivalın təşkilatçıları, həmçinin ölkələrin milli mətbəxi haqqında bukletlər hazırlayıb. Həmin bukletlərdə Azərbaycanın “Şah plovu” haqqında məlumat, dövlət bayrağı və gerbi təsvir edilib. Festival ərəfəsində səfir Fikrət Axundov www.embassyfestival.com saytına müsahibə verib və oxucu auditoriyasını Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, musiqisi, tarixi abidələri haqqında geniş məlumatlandırıb.





Xəbərin mətnində orfoqrafik səhv var