REGİONLAR


Niderlandın azərbaycanlı Milli Qəhrəmanının qızı ata ocağını ziyarət etmək üçün Zaqatalaya gəlib VİDEO

Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC

İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun hazırda bu ölkədə yaşayan qızı Nansi (Nənəxanım) Məmmədova ata-baba ocağını ziyarət etmək üçün ailə üzvləri ilə birlikdə Zaqatala rayonuna gəlib.

Qəhrəmanın ailə üzvləri, həmçinin Niderlandın Oistervijk şəhərinin meri Hans Janssen bir gün əvvəl, mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə də iştirak edib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Məmməd Məmmədovun ailə üzvləri, Oistervijk şəhərindən gəlmiş nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Zaqatala şəhərində keçirilən ümumrayon tədbirlərində iştirak edib, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Niderlandlı qonaqlar Heydər Əliyev Mərkəzinin həyətində dahi rəhbərə həsr edilmiş sərgilərlə tanış olublar.

Sonra Mərkəzin konfrans zalında Niderlandın Oistervijk şəhərindən gəlmiş nümayəndə heyəti ilə görüş olub. Görüşdə, həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Oistervijk şəhərinin meri Hans Janssen bir gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşlərini xatırladaraq, bu görüşün onlar üçün çox böyük şərəf olduğunu vurğulayıb. Səkkiz il əvvəl Zaqatalada olduğunu deyən mer bu illər ərzində şəhərdə çox böyük dəyişikliklərin baş verdiyini, Zaqatalanın daha da gözəlləşdiyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Məmməd Məmmədovun qızı Nansi Məmmədova Zaqatalada olmağından böyük qürur hissi keçirdiyini bildirib: “Fəxr edirəm ki, atam burada doğulub, azərbaycanlıdır. Prezident İlham Əliyev bizimlə görüşəndə bildirdi ki, atam həm də Azərbaycanın fəxridir, qəhrəmanıdır. Mən buna çox şadam. Atamı hər zaman xatırladıqlarına görə azərbaycanlılara, o cümlədən zaqatalalılara minnətdarlığımı bildirirəm”.

Qonaqlara Zaqatala rayonu ilə bağlı xatirə hədiyyələri təqdim olunub.

Niderlandlı qonaqlar sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ümumrayon tədbirində iştirak ediblər.

Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə həmvətənlərimizin 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla, o cümlədən 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Həzi Aslanov, Adil Quliyev, Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Gəray Əsədov kimi qəhrəman oğullarımızı bütün dünya tanıyır. Belə qəhrəmanlardan biri də Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Medo” ləqəbli məşhur partizan, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovdur.

Məlumat verilib ki, Məmməd Məmmədov 1923-cü il mayın 3-də Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 18 yaşında cəbhəyə yollanan zaqatalalı gənc 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafında gedən döyüşlərdə əsir düşüb. Məmməd 1943-cü ildə 20 nəfərdən çox azərbaycanlı döyüşçü ilə birlikdə işçi qüvvəsi kimi alman işğalında olan Hollandiyaya göndərilib və Oistervijk qəsəbəsində hərbi qurğuların tikintisi işlərinə cəlb edilib. Bir müddət sonra azərbaycanlı döyüşçü əsirlikdən qaçıb və Hollandiya partizanlarına qoşulub. Məmməd Məmmədov Avropanın, o cümlədən Hollandiyanın faşizmdən azad edilməsində böyük şücaət göstərib. Əfsanəvi partizanın dəstəsi faşist hərbi birləşmələrinə, qərargahlara, rabitə mərkəzlərinə qəfil hücumlar təşkil edərək, düşməni daim qorxu altında saxlayıb.

Müharibədən sonra Məmməd Məmmədov Hollandiyada qalmağı qərara alıb. O, yaxşı bilirdi ki, vətənə qayıdacağı təqdirdə ya güllələnəcək, ya da sürgün olunacaq.

Hollandiyanın Oistervijk şəhərində məskunlaşan Məmməd hələ əsirlikdə olduğu zaman sevdiyi holland qızı Mariya ilə ailə həyatı qurub. Bu nikahdan onların bir qızı olub, övladına anası Nənəxanımın adını verib. Məmməd ailəsində yalnız yaşadığı Hollandiyaya deyil, doğma Azərbaycana da sevgi hisslərini tərbiyə edə bilib. Ölənədək stolunun üstündə müqəddəs kitabımız “Quran” olub.

Məmməd Məmmədov müharibədən sonra Hollandiyada aparılan quruculuq işlərində yaxından iştirak edib, bir müddət Nevelo şəhərində uşaq futbol klubunun məşqçisi olub. O, 2003-cü il yanvarın 3-də Oistervijk şəhərində vəfat edib. Qəbri hazırda həmin şəhərdədir.

Fəaliyyəti Niderland Krallığı tərəfindən yüksək qiymətləndirilən Məmməd Məmmədova Krallığın Milli Qəhrəmanı adı verilib, Kral Sarayının fəxri üzvü seçilib. Göstərdiyi qəhrəmanlığa və Niderlandın müharibədən sonrakı yenidənqurma işlərində xidmətlərinə görə bu ölkənin Kraliçası tərəfindən ali mükafatla – "Orance-Nassau Kral ailəsinin Cəngavəri" ordeni, "Müqavimət döyüşçüsü" və "Sədaqətli Xidmət" medalları ilə təltif edilib, həmçinin Oistervijk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülüb. Bu şəhərdə həmyerlimizin adını daşıyan ''Mamed Mamedovpad'' küçəsi açılıb və adının əbədiləşdirilməsi üçün abidə ucaldılıb. Abidənin açılışı münasibətilə 2012-ci il iyunun 27-də Oistervijk şəhərində keçirilən təntənəli mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.

Bildirilib ki, Muğanlı kəndində doğulub boya-başa çatmış Məmməd Məmmədov dövrün məhrumiyyətləri və məhdudiyyətləri üzündən doğma Vətəninə qayıda bilməsə də, qəhrəmanlığı və şəxsi keyfiyyətləri ilə özünün hər iki vətənini bir-birinə qovuşdurub. Zaqatalalılar yad ölkənin Milli Qəhrəmanı adına layiq görülən, adı Avropada əbədiləşdirilən həmyerliləri Məmməd Məmmədovla daim fəxr edirlər.

Niderlandlı qonaqlar sonra Zaqatala şəhərinin görməli yerlərini gəziblər.

Nansi Məmmədovanın ailə üzvləri və Niderlandın Oistervijk şəhərinin meri Hans Janssen daha sonra Məmməd Məmmədovun doğulduğu Muğanlı kəndinə gəliblər. Qəhrəmanın bu kənddə yaşayan qohumları qonaqları mehribanlıqla qarşılayıblar. Xatirə şəkilləri çəkdirilib.

Məmməd Məmmədovun ev-muzeyinin açılışından sonra qonaqlar burada nümayiş etdirilən eksponatlarla tanış olublar. Oistervijk şəhərinin meri muzeyə hədiyyə təqdim edib.

Görüş süfrə arxasında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.