CƏMİYYƏT


Niderlandın azərbaycanlı Milli Qəhrəmanının qızına medal verilib

Bakı, 11 may, AZƏRTAC

Nansi (Nənəxanım) Məmmədova Niderland Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngavər” titulu almış, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı, Zaqatala rayonunun Muğanlı kəndində anadan olmuş Məmməd Məmmədovun qızıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi qəhrəmanın qızının ailəsi ilə birlikdə ölkəmizə səfərini təşkil edib. Məmməd Məmmədovun fəxri vətəndaşı olduğu və abidəsinin ucaldığı Niderland Krallığındakı Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen də Azərbaycana dəvət olunan qonaqlar arasındadır. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 11-də Diasporla İş üzrə Dövlət Komitəsində nümayəndə heyəti ilə görüş keçirilib. Komitə sədri Fuad Muradov qəhrəman partizanın həyat və fəaliyyətindən danışıb, Azərbaycanın adını Niderlandda şərəflə yaşadan ailəyə təşəkkürünü bildirib.

Osterveyk şəhərinin meri Yohanees Fransiskus Mariya Yansen, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və digər qonaqlar olduqca maraqlı, vacib görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Azərbaycanlı kimliyini daim yaşadan Nansi xanım və ölkəmizin dostu olan şəhər meri Yohanees Fransiskus Mariya Yansen həm də mükafata layiq görülüblər. Dədə Qorqud Milli Fondu və “Azərbaycan dünyası” jurnalının birgə təsis etdiyi “Vətən övladı” medalı Nansi Doomenə, “Qızıl ürək” medalı isə Yohanees Fransiskus Mariya Yansenə təqdim edilib.

Fondun prezidenti və jurnalın təsisçisi Eldar İsmayılov, jurnalın İdarə Heyətinin üzvləri akademik Fazil Qurbanov, Elxan Ələsgərov, Hacı Əzimov, Məhəmməd Seyidoğlu Məmməd Məmmədovun qəhrəmanlıqlarını yada salıb, onun yadigarlarına və Azərbaycana dost münasibəti göstərən hər kəsə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər dünya azərbaycanlılarının axtarılması, onların əzəli vətənləri ilə əlaqələrinin möhkəmlənməsi üçün Komitənin gördüyü işləri yüksək qiymətləndiriblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.