ELM VƏ TƏHSİL


Nigar Abbaszadə: “Şərq tərəfdaşlığı” proqramı Azərbaycanda ali təhsil islahatına kömək edir

Brüssel, 14 may, AZƏRTAC 

Belçika paytaxtında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının başlanmasının 10 illiyi tədbirləri çərçivəsində keçirilən konfrans davam edir. Tədbirdə nazirlər, dəvət olunmuş mütəxəssislər, o cümlədən Azərbaycanın təhsil üzrə ekspertləri “Erasmus Plus” Milli Ofisinin direktoru Pərviz Bağırov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, milli təhsil sektorunun digər nümayəndələri iştirak edirlər.

Nigar Abbaszadə AZƏRTAC-a müsahibəsində Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında iştirakının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Avropa İttifaqı fondlarının sayəsində ölkəmizdə bir çox tələbə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanı əldə edib.

N.Abbaszadə deyib: “Mən həyata keçirilən proqramlara 2008-ci ildə qoşulmuşam. Azərbaycanda bizim ilk layihəmiz “tələbə hərəkətliliyi” adlanan təşəbbüsə aid idi. Xüsusən, “Erasmus Mundus” proqramı gənclərimiz üçün əla imkan olub, onlara Avropanın ali məktəblərinə pəncərə açıb”. Onun sözlərinə görə, əvvəlcə bizi “üçüncü ölkə” adlandırırdılar, sonra biz tədricən “Şərq tərəfdaşlığı”na transformasiya etdik və nəhayət, 2009-cu ildə “Şərq tərəfdaşlığı” proqramı kimi yekun layihə ətrafında birləşdik”.

Ekspert etiraf edib: “O vaxtdan bəri bir çox azərbaycanlı gənc tələbə hərəkətliliyi sxeminin iştirakçısı olub, onların bir çoxu vətənə qayıdıb. Bu layihələr hökumətimizin ali təhsil sahəsində həyata keçirdiyi islahatları dərinləşdirib”.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.