SİYASƏT
Nigar Arpadarai: Avropa Şurasında islahatların vaxtı yetişib VİDEO
Strasburq, 25 yanvar, AZƏRTAC
Avropa Şurasının 1993-cü ildə birinci sammiti zamanı dövlət başçıları Avropa Şurasına yeni bir missiya həvalə etdilər: ümumi Avropa evi kimi tanınan vahid tavan altında demokratiya, insan haqları və qanunun aliliyinin bütün avropalıların xeyrinə inkişaf edə biləcəyi ümumi Avropa məkanı yaratmaq. Təəssüf ki, 30 il keçməsinə baxmayaraq, bu gün bu nəcib məqsəddən daha da uzaqlaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai Avropa Şurası Dövlət və Hökumət Başçılarının dördüncü Zirvə Görüşünə dair AŞPA-nın təkliflərinə dair məruzənin müzakirələri zamanı deyib. Bildirilib ki, Avropa Şurasında islahatların vaxtı çoxdan yetişib. Dünya əhəmiyyətli dərəcədə dəyişib və bu təşkilat da dəyişməlidir.
“Əgər biz təhlükəsiz Avropa istəyiriksə, beynəlxalq hüququn ərazi bütövlüyü kimi prinsiplərinə sadiqliyimizi daha bariz şəkildə ifadə etməliyik. Avropada münaqişə və müharibə üçün bəhanə kimi tez-tez istifadə edilən hərbiləşdirilmiş və təcavüzkar separatizmlə mübarizə üçün real mexanizm yaratmalıyıq. Qeyri-qanuni yollarla separatizmi dəstəkləyən şəxslərə qarşı sanksiya mexanizmi, bütün üzvlərin başqa ölkələrdə belə halları dəstəkləməmək öhdəliyi olmalıdır. Ukrayna ilə bağlı bunu vurğulamaq vacibdir, ancaq sözügedən mövqe Şuranın bütün üzv dövlətlərinə aiddir. Separatizm və ərazi iddiaları Avropa qitəsində birliyin əsaslarını məhv edən xərçəngdir. Azərbaycan hələ də anneksiya məqsədilə ərazilərinin işğalının, erməni təcavüzünün nəticələrindən əziyyət çəkir. Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi hələ də Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar daşıyır. Təəccüb doğursa belə, bu həqiqətdir”,-deyə N. Arpadarai diqqətə çatdırıb.
Deputat Avropa Şurasının 4-cü sammiti üçün media müstəqilliyi və söz azadlığı ilə bağlı fikirlərini də bölüşüb. Vurğulayıb ki, medianın müstəqilliyi və azadlığı asanlıqla pozulur. Bir çox media orqanlarının susdurulduğunun və boğulduğunun şahidi oluruq. Hökumətlər, böyük dərman və sosial media nəhəngləri tərəfindən medianın marginallaşdırıldığını görürük. Pandemiya dövrü isə bizə söz azadlığının həqiqətən nə qədər həssas və kövrək olduğunu göstərdi. Bugünkü fəaliyyətlərdə əsas rollardan birini sosial media oynayır. Alqoritmlər vasitəsilə o, ictimai rəyi manipulyasiya edə və onu yanlış istiqamətləndirə, müəyyən bir fikri təbliğ, digərini isə gizlədə bilər. Təəssüf ki, bizim buna heç bir təsirimiz və ya real nəzarətimiz yoxdur. Bu işdə müxtəlif təhlükəsizlik xidmətlərinin faktiki iştirakını ancaq təxmin etmək olar, zaman-zaman müxtəlif xarici qüvvələrin ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunduğuna dair məlumatlar yayılır. Bəs həqiqətən orada, qapılar arxasında və sosial media nəhənglərinin server otaqlarında nə baş verir? Bu, bu gün demokratiyalar üçün ən təcili və ciddi çağırışlardan biridir. Fikrimcə, çağdaş dünyada bu problem iqlim dəyişikliyindən daha ciddi məsələdir.
“Dünyanın ən böyük demokratik klubu olan Avropa Şurası buna göz yuma bilməz. AŞPA-nın gələcək illərdə gündəliyinin əsas istiqamətlərindən biri sırf insanların hansı alqoritmlərdən istifadə edildiyini və onların məlumatlarına nə baş verdiyini bilmək hüququnun qorunması, hökumətlərin, xüsusən də böyük dövlətlərin sosial mediada etdiklərinə görə cavabdehliyi, böyük əczaçılıq və texnologiya şirkətlərinin, habelə şirkət rəhbərlərinin hesabatlılığı və onlara nəzarət, habelə, ümumiyyətlə, internetin fəaliyyəti ilə əlaqədar məsələlər olmalıdır”, - deyə N.Arpadarai sosial medianın yarada biləcəyi ciddi məsələlərə toxunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq