SİYASƏT
Nigar Arpadarai: Avropa məkanındakı bütün təsisatların islahata ehtiyacı var VİDEO
Strasburq, 30 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının zəngin proqramı var. Bir çox vacib məsələlərin müzakirəsi nəzərdə tutulur. Həmişəki kimi sessiyanın ilk günündə Büronun hesabatı dinlənildi. Bundan sonra nümayəndə heyətlərinin üzvləri onları maraqlandıran məsələləri gündəmə gətirir və suallarla müraciət edirlər.
Ermənistan nümayəndə heyətinin üzvləri həmişəki xislətlərinə uyğun olaraq eyni təcavüzkarcasına Azərbaycana və Türkiyəyə qarşı nifrət dolu çıxışlar səsləndirdilər. Bu, təəssüf doğurur, çünki Ermənistan rəhbərliyi ilə sülh danışıqları başlayır. Azərbaycan sabitlikdən, gələcəkdən, sülhdən danışır. Ancaq erməni nümayəndə heyətinin üzvləri əvvəlki ritorika ilə davam edirlər. Biz də öz növbəmizdə ölkəmizin maraqlarına uyğun məsələləri gündəmə gətirdik. Eyni zamanda, qardaş Türkiyəni dəstəklədik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib.
“Həmkarlarımla birlikdə Azərbaycanın sülh üçün təqdim etdiyi 5 prinsipə toxunaraq, onları səsləndirdik. Bu prinsiplərin əhəmiyyətini vurğuladıq. Eyni zamanda, deputatların diqqətini bir daha hərbi təcavüz, işğal faktına çəkdik.
Yaz sessiyası çərçivəsində Avropa Şurası ilə Avropa İttifaqı arasında münasibətlərə dair müzakirələr zamanı Avropa məkanında yeni təhlükəsizlik sisteminin yaradılması və islahatların aparılmasının vacibliyinə toxunduğunu deyən deputat bildirib: “Qeyd etdim ki, Azərbaycanın torpaqları 30 il işğal altında olub, işğal müddətində ərazilərimiz yerlə-yeksan edilib, azərbaycanlılar etnik təmizləmə siyasətinə məruz qalıblar. Ancaq bu mənfi halların qarşısında Avropa qurumları laqeydlik göstərib, susmağa üstünlük veriblər. İnsan hüquqlarından danışılsa da, Avropa 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə biganə qaldı. Bütün bu məsələləri yenidən səsləndirərək, Avropada təhlükəsizlik sisteminin işləmədiyini, bugünkü çətin vəziyyətə gətirib çıxardığını bildirdim. Məqsəd Avropa məkanında olan bütün təsisatların islahatlara ehtiyacı olduğunu göstərmək idi”, - deyə N. Arpadarai diqqətə çatdırıb.
“Avropa qurumları Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə hər məsələ haqqında danışdılar, ancaq konkret heç bir addım atmadılar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi masa üzərində qaldı. Bütün bu məsələləri sadalayaraq Avropada islahatlara ehtiyac olduğunu bir daha vurğuladım”, - deyə N. Arpadarai qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq