CƏMİYYƏT


Nigar Novruzova: Oğlumun şəhidlik yolu Şəhidlər xiyabanından başladı

Bakı, 6 fevral, AZƏRTAC 

1992-ci ilin bir payız günü İsmayıl Şəhidlər xiyabanına getmişdi. Şəkilləri soyuq məzar daşından boylanan cavanların nakam taleyi, xiyabanın ətrafında Qarabağ uğrunda döyüşlərdə şəhid olanların məzarları onu necə duyğulandırmışdısa, qayıdan kimi könüllü olaraq Milli Ordu sıralarına yazılıb döyüş bölgəsinə yola düşdü.

Heç kimin dediyini eşitmədən… Heç kimin öyüd-nəsihətinə məhəl qoymadan…

Bu barədə AZƏRTAC-a İsmayılın anası Nigar xanım danışıb. Danışdıqca həyəcanlanıb, həyəcanlandıqca kövrəlib, kövrəldikcə dəsmalı gözlərinə sıxıb.

Həqiqətən də biganə qalmaq olmur…

İsmayıl Yusif oğlu Novruzov 1970-ci il fevralın 14-də Bakıda doğulub. Paytaxtdakı 31 nömrəli texniki-peşə məktəbini bitirib, radio-televizor ustası peşəsinə yiyələnib.

Lakin üzləşdiyi səhnə, gördüyü mənzərədən sonra yalnız Vətən övladlarının günahsız axıdılan qanını yerdə qoymamaq, düşməndən qisas almaq barədə düşünürdü.

“1992-ci il noyabrın 9-da hərbi xidmətə yola düşdü. Heç bir həftə də keçmədi…”, - deyə Nigar xanım yenidən uzaq illərin arxasında baş verənləri xatırlayır. İsmayıl noyabrın 17-də Kəlbəcər rayonunda Vəng kəndi uğrunda döyüşlərdə şəhidliyə qovuşub.

“Yanvarın 28-də Prezident Sarayında şəhid vərəsələri ilə keçirilən görüşdə sinəsinə oğul dərdi çəkilmiş anaları, ataları, qardaş həsrətli bacıları, qardaşları gördüm. Prezidentin çıxışı da məni çox duyğulandırdı. Vətənin azadlığı, torpaqlarımızın azğın düşməndən təmizlənməsi üçün heç nədən qorxmadan ölüm-dirim savaşına girən oğulların cəsarəti həqiqətən qibtə doğurur. Ali Baş Komandan həmin görüşdə Vətən yolunda həlak olan şəhidlərimizə rəhmət oxudu, onların fədakarlığını yüksək vətənpərvərlik nümunəsi kimi dəyərləndirdi. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar oldu. Həmin Fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla vətəndaşların rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilir. Mən də bir şəhid anası kimi bu qayğıya görə dövlət başçısına minnətdarlıq edir, onun ədalətli və humanist mövqeyini dəstəkləyirəm”, - deyə Nigar Novruzova münasibətini bildirib.

...Daha bir neçə gün keçəcək, İsmayılın növbəti ad günü qeyd olunacaq.

Düz 27 ildir ki, ad günləri onsuz keçir…

Yaşasaydı, 49 yaşı olacaqdı. Yaşasaydı…

Amma onun yoxluğunu kim deyir ki? Şəhidlər heç vaxt ölmür!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.