İQTİSADİYYAT


Nigar Vahabzadə: Koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin vacibliyini bir daha ortaya qoydu

Bakı, 26 may, AZƏRTAC

Pandemiya dövründə biznesin fəaliyyətinin sağlam və şəffaf olmasının vacibliyi bir daha özünü göstərdi. Fəaliyyətini şəffaf quran şirkətlər dövlət dəstəyi hesabına iş yerlərinin itirilməsinin qarşısını ala bildilər. Ümumiyyətlə, bu dövr ölkə üzrə işçi sayının dinamikasına necə təsir etdi?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadənin sözlərinə görə, koronavirus pandemiyası iqtisadiyyatda şəffaflığın təmin edilməsinin, sahibkarlara isə şəffaf işləməyin vacibliyini bir daha ortaya qoydu: “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə müvafiq Tədbirlər Planı təsdiq edildi. Tədbirlər Planına uyğun olaraq, iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə muzdlu işçilərə əmək haqlarının ödənilməsi, fərdi sahibkarlara maliyyə dəstəyi, iqtisadiyyata güzəştli kredit dəstəyi, vergi güzəştləri və digər dəstəkləyici tədbirlər həyata keçirildi”.

N.Vahabzadə xatırladıb ki, 2021-ci ilin məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 109,9 faiz, o cümlədən qeyri-büdcə üzrə 113 faiz səviyyəsində icra edilib. Həmçinin, qeyri-büdcə üzrə 2021-ci ilin icra göstəriciləri 2019-cu ilin icrası ilə müqayisə edilərsə, Dövlət Sosial Müdafiə Fonduna 615.6 milyon manat proqnozdan daha çox vəsaitin toplanmasını görmək mümkündür.

Qeyd olunub ki, muzdlu işçilərə əməkhaqlarının ödənilməsi dəstəyindən yalnız şəffaf işləyən sahibkarlar yararlana bilib. Belə ki, vergiödəyiciləri maliyyə dəstəyi əldə edən zaman müraciət tarixinə faktiki əmək müqavilələri üzrə işçi saylarını elektron qaydada qeyd etməli olublar. Bu zaman onların məlumatları uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanırdı. Beləliklə, sahibkar maliyyə dəstəyini rəsmiləşdirilmiş iş yerləri və əməkhaqqı fondu üzrə əldə etmiş oldu. Bu proses də öz növbəsində iş yerlərinin rəsmiləşdirilməsinə daha bir stimul verdi.

Həmçinin diqqətə çatdırılıb ki, sərəncamın icrası ilə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən ümumilikdə 2022-ci il mayın 1-i tarixinə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 25 min 184 vergiödəyicisinin 243 min 962 nəfər muzdlu işçilərinin əməkhaqlarının ödənilməsi üçün 250,8 milyon manat vəsaitin onların bank hesablarına köçürülməsi təmin edilib. Dövlətin sahibkarlara göstərdiyi maliyyə və digər zəruri iqtisadi dəstək nəticəsində Azərbaycan pandemiya dövründə əsas iqtisadi göstəricilərini həmin dövrün əvvəlinə olan səviyyədə saxlamağı bacarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.