DÜNYA
Nigerdə avtobusa hücum nəticəsində 19 nəfər öldürülüb
Bakı, 17 mart, AZƏRTAC
Nigerdə islamçı qüvvələrin avtobusa hücumu nəticəsində 19 nəfər öldürülüb, 5 nəfər yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə Burkina-Faso ilə sərhəddən 10 kilometr aralıda, Petelkole sərhəd postunun yaxınlığında baş verib.
Nigerin Burkina-Faso ilə sərhədi yaxınlığında yerləşən Tera şəhərinin meri motosikletli silahlı şəxslərin avtobusu saxlamağa məcbur etdiklərini bildirib. Sonra sərnişinlərə şəxsiyyətlərini yoxlamaq üçün avtobusdan çıxmağı əmr edərək onları güllələyiblər. Avtobus daha sonra yandırılıb. Hücum nəticəsində 19 nəfər ölüb, biri polis olmaqla, 5 nəfər yaralanıb. Yaralılar paytaxt Niamey şəhərindəki xəstəxanalara yerləşdirilib.
Silahlı hücumdan dördü qadın, üçü kişi olmaqla, 7 nəfər avtobusdan qaçaraq xilas olmağı bacarıb.
Qeyd edək ki, İŞİD və Əl-Qaidə ilə əlaqəli qruplar Niger, Burkina-Faso və Malinin həmsərhəd olduğu bölgədə tez-tez ölümlə nəticələnən bu cür hücumlar həyata keçirirlər.