DÜNYA
Nigeriya Prezidenti özünün vəfatı və vəzifədə dublyorunun olması haqda şayiələri təkzib edib
Bakı, 3 dekabr, AZƏRTAC
Nigeriya Prezidenti Muhammadu Buhari özünün vəfatı və dublyorunun onu əvəz etməsi haqda yayılan şayiələri təkzib edib. “Bəziləri düşünür ki, indi gördükləri insan mənim klonumdur, lakin əmin edirəm ki, bu belə deyil”, -deyə dövlət başçısı videomüraciətində qeyd edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, şayiələr Buharinin bənzəri olan Jubril adlı sudanlının şəklini sosial şəbəkələrdə paylaşmasından sonra yayılıb. Gələn ilin fevralında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan hazırkı dövlət başçısının isə 2015-ci ildən müalicə olunduğu bildirilir. 76 yaşlı Buhari 2017-ci ildə Britaniyada üç aylıq müalicə kursu da keçib.
AFP agentliyinin apardığı araşdırmalara görə, Nigeriya Prezidentinin vəfatı və onun klonu ilə əvəz edilməsi xəbərinə sosial şəbəkələrdə 500 mindən çox insan baxıb. Agentlik qeyd edir ki, şayiələrin sürətlə yayılmasında onun keçmiş köməkçisi Qudlak Conatanın əli var. Buharinin siyasi rəqibi Nnamdu Kanu da bu kampaniyanın fəal iştirakçısıdır. Sonuncu tərəfindən internet saytlarına qoyulan şəkildə eyham vurulur ki, dövlət başçısı məktub və sənədləri sağ əli ilə imzalayırdı, amma xalqın qarşısına çıxan insan solaxaydır.
Hazırda Polşada keçirilən iqlim dəyişiklikləri konfransında iştirak edən M.Buharinin köməkçisinin yaydığı videomateriallarda bu şayiələr təkzib olunur.