MƏDƏNİYYƏT
Nigeriya televiziyasında “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Nigeriyanın STV, TVC kanalında məşhur aparıcı Gina Ehikodinin “Foodies & Spice” yemək verilişində 13 hissədən ibarət “Azərbaycan təamları” filminin növbəti buraxılışı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, budəfəki verilişdə nigeriyalı aparıcı Azərbaycanın zəngin tarixə, mətbəxə və adət-ənənələrə malik bir ölkə olduğunu bildirir.
Müəllif verilişdə Bakı, Şəki, Lahıcın tarixindən və milli yeməklərindən söhbət açıb, Novruz bayramının necə keçirilməsindən danışıb. Veriliş zamanı aparıcı Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov ilə görüşü və Xanadan mətbəxində tanınmış aşpazlar tərəfindən milli yeməklərimizin hazırlanması haqqında məlumat verib.
Qeyd edək ki, layihə Nigeriyada Azərbaycanın Dostları Təşkilatının və “Cuisine Chez Billura” şirkətinin rəhbəri həmyerlimiz Billurə Bayramovanın dəstəyi ilə həyata keçirilir.