CƏMİYYƏT
Nigeriyada 2 uşaq poliomielit xəstəliyinə yoluxub
Bakı, 12 avqust, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı (DST) Nigeriyada yoluxucu poliomielit xəstəliyinə yeni yoluxma hallarının aşkarlanmasından narahatdır. Nigeriya hökuməti bildirir ki, ölkənin Borno ştatında iki uşaq xəstəlik nəticəsində iflic olub.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat verilib. Nigeriya hökuməti DST və digər tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində uşaqların peyvənd olunması və buna nəzarətin gücləndirilməsi üçün təcili kampaniyaya başlayib ki, bu da ilkin mərhələdə virusu aşkar etməyə imkan verəcək. Anoloji tədbirlər Nigeriya ilə qonşu ölkələrdə də həyata keçiriləcək.
Hələ iki il əvvəl Nigeriya bu təhlükəli xəstəlikdən azad ölkə elan edilib. Bu uğur on minlərlə tibb işçisinin, ölkə hakimiyyətinin, qeyri-hökumət təşkilatlarının, dini liderlərin birgə səyləri nəticəsində mümkün olub.
Poliomielit əsasən 5 yaşadək uşaqların onurğa beyninin iflicinə yol açır, əsəb sisteminə zərbə vurur. Bu xəstəlik uşaqların müalicəsi mümkün olmayan iflic durumuna düşməsinə gətirib çıxarır.
DST-nin məlumatına görə, poliomielit üzərində qələbə çox da uzaqda deyil. Xəstəlik yalnız iki ölkədə - Əfqanıstan və Pakistanda qalır. Bu il poliomielit virusuna 21 yoluxma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə 34 belə fakt aşkarlanıb.
Qeyd edək ki, 1996-cı ildən sonra ölkəmizdə bu xəstəliyə yoluxma halı qeydə alınmayıb. Azərbaycan 2002-ci ildən DST-nin siyahısında poliomielit xəstəliyindən tam azad bir ölkə kimi qeydiyyata düşüb.