DÜNYA
Nigeriyadakı neft boru kəmərlərinə hücumlar təşkil edilib
Bakı, 23 noyabr, Nihad Budaqov, AZƏRTAC
Nigeriyadakı neft boru kəmərlərinə hücumlar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Nigeriya Prezidenti Məhəmməd Buxari Niger deltası bölgəsində neft boru kəmərlərinə qarşı hücumların ölkə təhlükəsizliyinə və iqtisadiyyatına böyük zərər verdiyini bildirib.
“Niger deltası bölgəsində neft boru kəmərlərinə təşkil olunan hücumlar ölkə iqtisadiyyatını və təhlükəsizliyini təhdid edir. Həmin hücumları törədənlər məhkəmə qarşısına çıxarılmalıdır. Hücumlara lazımi qarşılıq veriləcək. Məsuliyyət daşıyanlar qanun çərçivəsində cəzalandırılacaq”, - deyə Nigeriya Prezidenti əlavə edib.
M.Buxari neft obyektlərinə yönələn hücumlar nəticəsində ölkənin ümumi daxili məhsulunda əhəmiyyətli azalma baş verdiyini deyib, hücumların ölkəyə yalnız maddi zərər vermədiyini, eləcə də ətraf mühit üçün də böyük təhlükə yaratdığını vurğulayıb.
Hücumları “Niger deltasının intiqamçıları”nın yaraqlıları öz üzərinə götürüb.
Qeyd edək ki, bu yaxınlarda “Niger deltasının intiqamçıları”nın yaraqlıları Nigeriyanın cənubundakı Bayelsa əyalətindəki neft qurğularına qarşı bombalı hücum həyata keçirib. Təşkilatın saytında edilən açıqlamada, Bayelsa əyalətində üç ayrı boru kəmərinə hücum təşkil olunduğu bildirilib, hücumlara səbəb kimi Nigeriya ordusunun bölgədəki əməliyyatları əsas göstərilib.
Nigeriya Prezidenti Niger deltası bölgəsindən olan heyətlə görüşərək hücumların dayandırılmasını istəsə də “Niger deltasının intiqamçıları”nın yaraqlıları neft və qaz qurğularına qarşı hücumların davam edəcəyini bildiriblər. “Niger deltasının intiqamçıları”nın yaraqlıları M.Buxarini sülh danışıqlarına sadiq qalmamaqda günahlandırırlar.
Qeyd edək ki, “Niger deltasının intiqamçıları”nın yaraqlıları bu ilin fevralından başlayaraq Nigeriyada neft-qaz müəssisələrinə hücumlar təşkil edir. Həmin hücumlar nəticəsində Nigeriyanın gündəlik neft istehsalı 2016-cı il büdcəsində nəzərdə tutulan gündəlik 2,2 milyon barreldən 1 milyon barrelə düşüb.